Vaxtilə Şuşaya getməkdən imtina edən səfirlər Qarabağ səfərinə həvəsləniblər - Fransa və ABŞ səfirləri...

Qabil Hüseynli: “Belə çıxır ki, onlar Qarabağın dağlıq hissəsinə getməməklə ermənilərə öz dəstək mesajlarını verirlər”

img

Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun başçılıq etdiyi nümayəndə heyəti Ağdama səfər edib. Bu barədə Azərbaycan Prezidentinin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov özünün tvitterdəki hesabında yazıb.

Səfər zamanı qonaqlara dağıdılmış abidələr göstərilib və şəhərin yenidənqurma planı haqqında ətraflı məlumat verilib. ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger də tezliklə Ağdama səfər edəcəyini deyib. Səfir bildirib ki, Zəngilanda olub və regionlara səfərlər onun işinin tərkib hissələrindəndir: “Hansı ərazilərə səfər etməmişəmsə, həmin ərazilərə tezliklə səfər edəcəm".

Çox maraqlıdır ki, məhz sözügedən ölkələrin səfirləri diplomatlatın Şuşaya təşkil edilən səfərində iştirakdan imtina etmişdilər. Hazırda sözügedən iki ölkənin səfirinin işğaldan azad edilən ərazilərə səfər etməyə həvəs göstərməsi nə ilə bağlı ola bilər?

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün bunların hamısı diplomatik manevrdi: “Yəni Fransa bir tərəfdən separatçı rejimin nümayəndələrini Senatda qəbul edir, digər tərəfdən də öz səfirini Ağdama göndərir. Hesab edirəm ki, çox gecikmiş bir səfərdi. Onların etdiyi qəbahət həddindən artıq çoxdur. Fransa bu gün Qarabağdakı separatçıları himayə edən əsas dövlətə çevrilib, hətta Rusiyanı da ötüb keçib. Onların parlamentində qondarma qurumun nümayəndələrinin qəbul edilməsi Azərbaycana qarşı qərəzin ən bariz nüminəsidir. Fransanın bizə qarşı olan bütün addımlarını bir mətnə yığsaq böyük bir təxribatın mənzərəsi aydınlaşa bilər. Fransa sözün həqiqi mənasında Azərbaycana qarşı çox böyük pisliklər edir. Səfirlərin Şuşaya getməsi bizim üçün çox önəmli idi. Belə çıxır ki, onlar Qarabağın dağlıq hissəsinə getməməklə ermənilərə öz dəstək mesajlarını verirlər. Əslində onların müqəddəs borcudur ki, işğaldan azad edilən bütün ərazilərə baş çəksinlər. Qarış-qarış gəzməlidirlər. Həmişə deyirlər ki, biz həqiqətin, beynəlxalq hüququn yanındayıq. Həmin hüquq da tələb edir ki, erməni barbarlığına qiymət verilsin. Onu himayə etməsinlər. Xristian həmrəyliyini kənara qoyub, obyektiv olmaq onların borcudur. Vaxt gələcək, onların əməlləri tam ifşa olunacaq və şiddətlə qınanacaq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər