Dekabrın 15-də Əliyevlə Paşinyan Brüsseldə görüşəcək. Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində baş tutacaq görüşün təşəbbüskarı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeldir. Brüsseldə Əliyev-Paşinyan görüşünün təşkili Aİ-nin sərhədin demarkasiya-delimitasiya prosesində vasitəçi olmaq, bunun üzərindən bölgədəki güc balansında yerini tutmaq niyyətindən qaynaqlanır.
Brüssel görüşü ikinci Qarabağ müharibəsindən sonra ölkə liderlərinin üçüncü təkbətək görüşü olacaq. Onun sözlərinə görə, burada intriqa ondan ibarətdir ki, onların 2020-ci il noyabrın 10-da imzalanmış sazişin ildönümünə həsr olunmuş üçüncü görüşü də Moskvada baş tutmalı idi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu məlumatı nə təkzib, nə də təsdiq edirdi.
Dialoqun Rusiya platformasından Qərb platformasına keçməsini Moskva necə həzm edəcək və həmin görüşdə nəyinsə əldə olunmasına imkan verəcəkmi?
Elxan Şükürlü: “Bölgədə "rus planı"nın həyata keçməsinə qarşı dirənişi, prosesi ləngitməsi Nikolun devrilməsi, hətta öldürülməsi ilə nəticələnə bilər”
Politoloq Elxan Şükürlü qəzetimizə bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın dekabrın 15-ə Brüsselə planlaşdırılan görüşü çox yanlış olaraq Rusiya əleyhinə atılacaq addım kimi şərh edilir:
“Əksinə, hadisələrin gedişi göstərir ki, Rusiya öz hərbçilərinin bölgəyə yerləşməsinə və uzun müddət burada qalmasına legitimlik qazandırmaq üçün danışıqlar prosesinə Qərb institutlarının da cəlbində, məsuliyyətin onlarla bölüşülməsində maraqlıdır. Çünki Rusiya əsas məqsədinə nail olub - hərbi qüvvələrini Qarabağa yerləşdirməklə, faktiki, həm Azərbaycanı, həm də Ermənistanı azı qarşıdakı 4 ildə özü ilə hesablaşmaq məcburiyyətində qoyub. Dağlıq Qarabağdakı faktiki durum, həmçinin Ermənistan-Azərbaycan sərhədlərində yaşanan son hadisələr isə təsdiqləyir ki, Putin demiş, Rusiya hərbçilərinin "sülhməramlı missiyası"na uzun müddət "ehtiyac olacaq" və savaşı istənilən an yenidən körükləyib idarə etmək mexanizmi də hələlik Kremlin əlindədir. İndi Rusiya üçün önəmli olan Rusiya hərbçilərinin bu statusunu onun bölgədə hərbi iştirakını arzulamayan Qərbə də qəbul etdirməkdir.
44 günlük savaşın gedişi və Azərbaycan Prezidentinin də atəşkəs sənədinə imza atması göstərir ki, Prezident Əliyev gözlənilən 15 dekabr görüşündə də Rusiyanın bölgədə yerləşməsinə qarşı çıxmayacaq, onun maraqlarına qarşı getməyəcək. Paşinyanın Rusiyaya qarşı müqavimət imkanları isə getdikcə tükənir və onu himayə edən Qərb dövlətləri də anlayırlar ki, bölgədə "rus planı"nın həyata keçməsinə qarşı dirənişi, prosesi ləngitməsi Nikolun devrilməsi, hətta öldürülməsi ilə nəticələnə bilər. Bu səbəbdən, Ermənistan rəhbərliyinin də 15 dekabrdakı görüşdə Rusiya hərbçilərinin statusu ilə bağlı məsələdə fərqli mövqe tutacağı, Qərb silahlılarını bölgəyə gətirmək təklifini səsləndirəcəyi az ehtimal ediləndir”.
Qabil Hüseynli: “Orada hər hansısa sənədə imza atılacağı gözlənilmir”
Politoloq Qabil Hüseynli isə hesab edir ki, Brüssel görüşü sülhyaratma prosesinə müəyyən töhfələr verə bilər, əsas məsələlər Moskvada Putinin moderatorluğu ilə həyata keçiriləcək: “Qərb dövlətləri Ermənistanı Rusiyanın cazibə qüvvəsindən çəkib, bütövlükdə sülhyaratma prosesinə özləri nəzarət etmək istəyirlər. Qərbin niyyəti ATƏT-in Minsk Qrupunu yenidən dövriyyəyə qoşmaqdır. Ona görə də Paşinyan Soçidə üçtərəfli görüşü boykot elədi. Ancaq Moskvada görüş mütləq baş tutacaq. Moskvadakı görüşdə, zənnimcə, bütün məsələlər öz həllini tapacaq. Ola bilsin ki, Brüseldə də müəyyən fikir mübadiləsi aparılacaq. Ancaq orada hər hansısa sənədə imza atılacağı gözlənilmir. Çünki bu, Avropa Birliyi ilə Tərəfdaşlıq sazişinə girən ölkələrin sammitidir. Sammitdə Avropa Birliyinin təşəbbsü ilə iki lider arasında görüşü təmin etmək mümkün olub. Burada əsas rolu oynayan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeldir, o da fransızdır. O da daha çox ermənipərəst adamdır”.
Məhəmmədəli QƏRİBLİ