Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ ətrafında insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılığa gəlib.
Erməni mediasının yaydığı məlumata görə, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin hər iki ölkə liderləri ilə telefon danışığından sonra qurumun yaydığı məlumatda sözügedən məsələ barədə qeyd edilib: “Telefon danışıqları zamanı Ermənistan və Azərbaycan liderləri müdafiə nazirləri səviyyəsində insidentlərin qarşısının alınması mexanizmi çərçivəsində birbaşa əlaqə xəttinin yaradılması barədə razılığa gəliblər”.
Maraqlıdır, doğrudanmı belə bir razılaşma var? Sanki müharibədən əvvəlki bəzi nəticəsiz formatlar təkrar olunur. Məsələ ondadır ki, əvvəlki dövrlərdə buna bənzər formatlar olsa da, praktikada özünü doğrultmayıb. Ermənistan bundan istifadə edərək vaxtı uzadıb. Yəni praktiki olaraq belə formatların bir faydası olmayıb. O baxımdan, vaxt itirməkdənsə, Ermənistanı sülhə vadar etmək lazımdır.
“Yaxşı olardı ki, Avropa İttifaqı siyasətini bunun üzərində qursun”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, biz birbaşa əlaqənin əleyhinə deyilik: “Ancaq başlıca məsələ tərəflər arasında sülh sazişinin imzalanmasıdır. Sülh sazişi imzalanandan sonra digər texniki xarakterli məsələlərin həlli çətin olmayacaq. Ermənistan Azərbaycanla olan sərhədləri tanımalıdır. Sərhədlərin delimitasiyası və demarkasiyası işləri sürətləndirilməlidir. Əsas bu məsələlərdir. Digər məsələlər ikinci dərəcəlidir. Yaxşı olardı ki, Avropa İttifaqı siyasətini bunun üzərində qursun. Ermənistana imkan vermək olmaz ki, vaxtı uzadaraq toparlansın. O üzdən, daha konkret nəticələr verən mexanizmlər irəli sürülməlidir. Biz Ermənistanı kompromislərə dəvət etməyə borclu deyilik. Azərbaycan beynəlxalq miqyasda tanınan sərhədlərini güc yolu ilə bərpa edib. O üzdən, beynəlxalq təşkilatlar məsələyə bu konteksdən yanaşmalıdır. Ermənistanın sülh sazişi imzalaması ilə bağlı siyasi iradə ortaya qoyulmalıdır. Ona görə ki, bir sıra məsələlərin həlli sülh sazişindən və delimitasiyadan keçir. İkinci-üçüncü dərəcəli məsələləri əsas müzakirə predmetinə çevirib vaxt itirməyin anlamı yoxdur. Əvvəlki acı təcrübə nəzərə alınmalıdır. Söhbət ondan gedir ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə 30 ilə yaxın mənasız və nəticəsiz danışıqlar getdi. Bunun yenidən təkrar olunmasına imkan vermək olmaz. Ona görə də hesab edirəm ki, beynəlxalq qurumlar ortaya ciddi mövqe qoymalıdır”.
Hərbi ekspert onu da qeyd etdi ki, yalnız o halda proseslərdə irəliləyiş baş verə bilər.
Vidadi ORDAHALLI