Avropa İttifaqının yaydığı məlumata görə, Azərbaycan və Ermənistan liderləri 15 dekabrda Brüsseldə Şərq Tərəfdaşlığı Sammitində görüş barədə razılaşıblar.
Demək, görüş olacaq. Maraqlıdır, Nikol Paşinyan 9 noyabra nəzərdə tutulan Moskva (və yaxud Soçi) görüşündən niyə imtina etdi? Bu imtinadan təxminən bir ay sonra Brüsseldə görüşə nədən razılaşdı?
Moskvada 9 noyabrda görüş olacağı ilə bağlı Rusiyanın hakimiyyətə yaxın, ən nüfuzlu agentlikləri diplomatik mənbələrə istinadla məlumat yaymışdılar. Daha sonra bu görüşün Soçidə baş tutacağı açıqlanmışdı. Belə görünürdü ki, görüşün təşkilatçısı və moderatoru Rusiyadır və Prezident Putin bu danışıqlarda maraqlıdır.
Moskva (Soçi) görüşünün baş tutmamasının səbəbi kimi İrəvanın imtinası göstərildi və bunu rusiyalı politoloqlar da etiraf etdilər.
Avropa İttifaqının bəyanatında bildirilir ki, Şarl Mişellə telefon danışıqları zamanı Ermənistan və Azərbaycan liderləri, həmçinin, müdafiə nazirləri səviyyəsində insidentlərin qarşısının alınması mexanizmi rolunu oynayacaq birbaşa əlaqə xəttinin yaradılması barədə razılığa gəliblər. Bütün bunları Avropanın təşəbbüsü ələ alması kimi başa düşə bilərik?
“Azərbaycan diplomatiyası bütün bunlardan Ermənistana qarşı istifadə etməlidir”
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 44-günlük müharibənin gedişi zamanı da biz belə cəhdlərin şahidi olduq: “Onda da atəşkəslə bağlı cəhdləri yalnız Rusiya etmirdi. Qərbdən, ABŞ-dan da belə təşəbbüslər olurdu. Hətta tərəflərin iştirakı ilə bir görüş də Vaşinqtonda keçirildi, amma hər hansı bir nəticə əldə olunmadı. Bənzər addımı hazırda Avropa İttifaqı yenidən atır. Paşinyan Putinin görüş təşəbbüsündən imtina edib. Rusiya bunu Paşinyana nə zamansa xatırladacaq. Görünən budur ki, Paşinyan bu məsələdə Avropaya daha çox güvənir, nəinki Rusiyaya. Sanki Azərbaycanın təzyiqlərindən Avropanın müdafiəsinə sığınır. Ənənəvi erməni siyasətidir. Azərbaycan diplomatiyası bütün bunlardan Ermənistana qarşı istifadə etməlidir. Düşünürəm ki, həmin görüşdə heç bir ciddi nəticə əldə olunmayacaq. Aydın görünür ki, Avropa ölkələrinin böyük əksəriyyəti birmənalı şəkildə Ermənistanın yanındadır. Onlar sərhədlərin dəqiqləşməsi ilə bağlı prosesi də Ermənistanın istəyinə uyğun şəkildə həyata keçirməyə çalışacaqlar. Azərbaycan isə buna razı deyil. Hesab edirəm ki, tərəflər yenə də Rusiyanın vasitəçiliyi ilə baş tutacaq görüşdə iştirak edəcək. Çünki top artıq Rusiya tərəfdədir”.
Məhəmmədəli QƏRİBLİ