Rusiya Prezidenti Vladimir Putin noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində yaşanmış gərginliyə münasibət bildirib. Rusiya mətbuatının yaydığı məlumata görə, Putin Xarici İşlər Nazirliyinin kollegiyasında çıxışı zamanı bildirib ki, bu günlərdə baş verən atışmalar burada vəziyyətin sakitləşmədiyini göstərir. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında vəziyyətin tənzimlənməsində rusiyalı diplomatların rolu getdikcə artır:
"Şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında mübahisəli məsələlərin tənzimlənməsində, Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpası və mühüm nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsində rusiyalı diplomatların rolu artır. Biz baş nazirin müavinləri səviyyəsində müvafiq dövlətlərarası komissiya yaratmışıq, məncə, həmin komissiyanın perspektivi pis deyil”.
O belə hesab edir ki, vəziyyətin nizamlanmasında sülhməramlı kontingentə böyük ehtiyac var.
Hadisələrin gedişində rusiyalı diplomatların rolunun artması ilə bağlı səslənən fikri nə dərəcədə doğru saymaq olar?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, Laçın və Kəlbəcər ərazilərindəki təxribatlardan sonra ermənilər əsl reallıqları bir daha anlamalı oldular:
“Rusiyanın özü də görür ki, bölgədəki prosesləri nəzarətdə saxlaya bilmir. Rusiyanın başı Belarusda dərddədir. Yenidən Cənubi Qafqazda vəziyyət gərginləşsə, məsələlər həll edilməmiş qalsa, Rusiya prosesləri idarə etmək imkanına malik olmayacaq. Rusiya Ermənistanın tərəfini saxlasa da, pis-yaxşı sülh müqaviləsinin bağlanmasını, kommunikasiyaların açılmasını istəyir. Rusiya son günlərdə daha çox kommunikasiyaların açılmasından danışır. Zənnimcə, kommunikasiyalar açılsa, sərhədlərin delimitasiya və demarkasiyası başlasa, bundan sonra sülhyaratma prosesi müəyyən qədər sürətlənə bilər. Artıq müharibə bitib, hər müharibə də sülhlə sona çatır. Ermənilərin içində də canı boğazına yığılanlar az deyil, onlar da istəməzlər ki, övladları, yaxınları müharibədə həlak olsun. Hər halda onlarda, nə qədər ləng olsa da, ayılma prosesi gedir. Rusiya bu prosesə kənar oyunçuları buraxmaq istəmir. Rusiya bununla demək istəyir ki, onun təsir dairəsində olan problemə kimsə qarışmasın. Rusiya bu məsələdə diplomatiyasından daha çox hərbi mövcudluğuna güvənir. Putin yenidən sülhməramlı kontingendən danışıb. Hədəfləri odur ki, Ermənistanla sərhədə də həmin adla yerləşsinlər. Ancaq gərək fəallaşan və vasitəçiliyi üzərinə götürən rus diplomatiyası Azərbaycanın, sərhədlərin dəqiqləşdirilməsi ilə yanaşı, ölkələrin ərazi bütövlüyünün tanınması və hörmət edilməsi tələbini də yerinə yetirə. Bununla bağlı Soçidə üçtərəfli görüş keçirilməli idi. Amma Paşinyan və ya Ermənistan belə məqamlarda qəbuledilməz şərtlər irəli sürməyi adətə çevirib.
Paşinyan bildirdi ki, “Qarabağ ermənilərinin statusu” məsələsi masada olmayacaqsa, o danışıqlara getməyin mənası yoxdur. Beləliklə, Paşinyan danışıqları pozdu. Bundan sonra əllərini gücləndirmək üçün sərhəddə təxribata əl atdılar. Amma ordumuzun rəşadəti sayəsində onların bu arzuları gözlərində qaldı və çox böyük zərbə aldılar. Ermənistan sülh müqaviləsini imzalamağa hazır olduğunu deyir, amma onu da qeyd edir ki, ATƏT-in Minsk Qrupu da bura qatılmalıdır. Minsk Qrupu 30 ilə yaxın işlədi, amma ortaya heç nə qoymadı. Azərbaycan Minsk Qrupunun danışıqlar prosesinə qatılmasını istəmir. Bu baxımdan, doğrudan da Rusiya diplomatiyasının üzərinə ağır yük düşür”.
Məhəmmədəli QƏRİBLİ