Sərhədlərimizdə baş verən erməni təxribatı zamanı yenidən informasiya yayımı ilə bağlı bəzi problemlərin meydana çıxdığının şahidi olduq. Bütün sosial şəbəkələri həmin yerdən çəkilən videolar bürüdü. Açıq-aydın görünürdü ki, bu dəfə informasiyanı yayan qismində jurnalistlər, blogerlər deyil, məhz hərbçilərin özləri çıxış edir.
Etiraf edək ki, hətta bir müddət sonra bizim əleyhimizə istifadə ediləcək məzmunlu videolar da az yayılmayıb. Vəziyyət o yerə çatdı ki, bir sıra dövlət qurumları informasiyalarla bağlı ehtiyatlı davranmağa dair vətəndaşlara xüsusi müraciət etməli oldular. Çox maraqlıdır, Müdafiə Nazirliyi niyə hərbi xidmət zamanı istifadəsi qadağan olan smartfon tipli cihazlardan istifadəyə mane olmur ki, onlar vasitəsilə çəkilən videolar sosial şəbəkələrə yol açır?
Media məsələləri üzrə ekspert Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yayımına məhdudiyyət qoyulan informasiyaların çeşidi həm milli qanunvericilikdə, həm beynəlxalq konvensiyalarda, həm də peşə davranışı qaydalarında aydın şəkildə verilib: “Hərbi mövzuya aid informasiyalar da bu kateqoriyaya daxildir və müəyyən şərtlər çərçivəsində yayılmaları məhdudlaşdırıla bilər. Bu baxımdan müvafiq dövlət strukturlarının hərbi əməliyyatlar zamanı hansısa məhdudiyyətlər tətbiq etməsi, yaxud ehtiyatlı davranışa çağırış etməsi normal haldır. Amma məsələnin ikinci bir tərəfi də var ki, yuxarıda qeyd etdiyimiz qanunvericilik bazası informasiyanı mühafizə etməli olan, onun yayılmasına məsul olan qurumları da aydın şəkildə göstərir. İnformasiyanın yayılıb-yayılmamasını, onun hansı formalarda mühafizə edilməli olduğunu ilk növbədə informasiya sahibi müəyyən etməlidir və bu müəyyənlik üçün qanunlara istinad etməlidir. İnformasiya sahibi əlində olan informasiyanın qanunla mühafizə edilməli olduğunu, yaxud açıq informasiya olduğunu bilməlidir. Əgər sahib olduğu informasiya yayılması məhdudlaşdırılan informasiya kateqoriyasına daxildirsə, onu mühafizə etməyi də bacarmalıdır. Yəni yayılması yasaq olan informasiyanı mühafizə etməyə məsul olan mənbə ilk növbədə informasiyanın sahibidir. Bu başqa məsələdir ki, jurnalist və ya başqa bir informasiya istehsalçısı qanunla mühafizə edilən informasiyanı fərqli yollarla əldə edib ictimiləşdirirsə, onda məsuliyyət həmin informasiyanı qaydasız yollarla əldə edib yayanın üzərinə düşür.
İndiki halda biz cəbhə xəttində çəkilmiş məlum videogörüntülərin hansı şərtlər daxilində çəkildiyini, yaxud hansı məqsədlə və kim tərəfindən çəkildiyini dəqiq bilmirik. Bu videoçəkilişlərin hansı şərtlər daxilində sosial şəbəkə istifadəçilərinin əlinə düşdüyünü də bilmirik. Bu baxımdan, rəsmi qurumların çağırışlarını qəbul edib ölkəmizə neqativ gətirən, yaxud hərbi sirr hesab edilən çəkilişlərin paylaşılmasından kənar qalmalıyıq. Paralel şəkildə müvafiq dövlət qurumları araşdırma aparmalı, bu çəkilişlərin kim tərəfindən, nə məqsədlə çəkildiyini, sosial şəbəkələrə kim tərəfindən ötürüldüyünü araşdırıb müəyyənləşdirməli, qanunsuzluq halı baş veribsə, yol verənlərə məsuliyyətləri anladılmalıdır”.
Məhəmmədəli QƏRİBLİ