Məlum olduğu kimi, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub. Ordumuz tərəfindən görülən tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.
Bunun ardınca, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin keçmiş komandanı, Cənub Hərbi Dairəsi komandanının müavini, general-leytenant Rüstəm Muradov noyabrın 16-da baş verən hərbi insident zamanı öldürülən erməni hərbçinin meyitini İrəvanda aidiyyəti üzrə təhvil verib. Ancaq həmişə olduğu kimi, yenə də Ermənistan mediası bunun ətrafında şou düzəldib. Utanmadan bəyan edirlər ki, həmin əsgər əsir götürülüb və sonra öldürülüb. Üstəlik, bu yalanı əsgərin “qohumlarına istinadən” təqdim edirlər: “Bizə çatan məlumata görə, erməni tərəfi azərbaycanlıları əsir götürüb. Azərbaycanlı əsirlərin qaytarılması barədə göstəriş verildi, uşaqlar onları apardılar və özləri də əsir düşdülər. Əldə etdiyimiz məlumata görə, Taronun cəsədi işgəncələrə məruz qaldıqdan sonra dəhşətli vəziyyətdə olub. O, vəhşicəsinə öldürülüb, döyülərək öldürülüb. Şəkilləri gördüm və hələ də özümə gələ bilmirəm”.
Halbuki, ermənilər ağır yaralanan əsgəri döyüş meydanında qoyaraq geri çəkiliblər. Bu zaman Azərbaycan əsgərlərinə əsir düşən erməni yaralarının ağırlığı səbəbindan ölürsə, hansı işgəncədən söhbət gedə bilər?
“Yaralı əsirlərə işgəncə vermək, onların üzərində eksperiment ermənilərə xas olan xüsusiyyətdir”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, bu, Ermənistanın bizə qarşı apardığı çirkin informasiya müharibəsinin tərkib hissəsidir: “Zatən bu, yeni deyil. Ötən il 44 günlük müharibə zamanı da ağlagəlməz yalanlar uydururdular. İndi də bu siyasəti davam etdirirlər. Azərbaycan əsgəri heç vaxt yaralı şəkildə əsir düşən erməniyə işgəncə verməyib. Birinci və İkimci Qarabağ müharibələrində belə hallar baş verməyib. O cümlədən, digər toqquşmalar zamanı da belə hal yaşanmayıb. Əksinə, Azərbaycan tərəfi yaralı əsirlərərə əlindən gələn yardımı əsirgəməyib. Yaralı əsirlərə işgəncə vermək, onların üzərində eksperiment ermənilərə xas olan xüsusiyyətdir. Bununla bağlı nə qədər desən fakt var. Ona görə də erməni tərəfinin yaydığı məlumatlar yalan olmaqla yanaşı, əxlaqsız qaralama kampaniyasıdır. Bununla barəmizdə mənfi rəy formalaşdırmaq istəyirlər”.
O baxımdan hərbi ekspert hesab edir ki, deyilənlərin heç bir əsası yoxdur.
Vidadi ORDAHALLI