Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də hökumətin iclasında bildirib ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyasına hazırlıq mərhələsi üzrə Rusiya Müdafiə Nazirliyinin təklifi İrəvan üçün qəbulediləndir.
Onun sözlərinə görə, bu ilin mayından Rusiya Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiya və delimitasiyası üzrə 3 təklif irəli sürüb: “Bunların üçü də bizim üçün qəbilediləndir. Mənim noyabrın 17-də verdiyim bəyanatdan sonra Rusiyanın Müdafiə Nazirliyi demarkasiya və delimitasiya üzrə hazırlıq mərhələsini təklif edib. Bir daha təsdiqləyirəm ki, bu təkliflər bizim üçün qəbulediləndir”.
Maraqlıdır ki, Azərbaycan tərəfi bu üç təklifin nədən ibarət olduğundan xəbərsizdir. Paşinyanın dediyi həmin üç təklif özündə nəyi ehtiva edir və bu təkliflər bizim üçün də məqbul sayıla bilərmi?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın Rusiya Müdafiə Nazirliyinin təklif etdiyi 3 şərti qəbul etdiyi barədə dediklərini səmimi saymır: “Həmin təkliflər Azərbaycan-Rusiya-Ermənistan baş nazir müavinləri səviyyəsində müzakirə olunmuşdu. Hər üç istiqamət üzrə ilkin bir baza formalaşmışdı. Ermənistan sözdə razı olsa da, əməldə gərginlik yaradır. Nikol Paşinyan Rusiyaya doğru reverans edir ki, zatən biz sizin dediklərinizin hamısını etməyə hazırıq. Həm də göstərməyə çalışır ki, ordu baş naziri dinləmir. Eyni zamanda daxilə göstərməyə çalışır ki, proseslərin hamısı Rusiyanın patronajı altındadır. Ortada bir neçə versiya ola bilər. Birincisi budur ki, hansı xəritələr əsasında sərhəd dəqiqləşəcək. Ermənistan demək istəyir ki, Rusiya Müdafiə Nazirliyi Baş Qərargahının arxivində olan xəritə ilə dəqiqləşmələrə razıdır. Hər üç şərt məhz xəritələrlə bağlıdır. Çünki söhbət müxtəlif zamanlarda olan xəritələrdən gedir. Birincisi 1920-ci ilin, ikincisi 1950-cı illərin və nəhayət üçüncüsü 1970-80-ci illərin xəritələridir. Üç təklifdən ikisi Azərbaycan üçün də qəbulediləndir. SSRİ-nin sonuncu illərinə aid xəritə ilə bağlı təklif isə bizim üçün məqbul deyil. Üçüncünü bir qədər müzakirə edib qəbul etmək olar. Azərbaycan Qazax və Naxçıvanda olan kəndlərin də qaytarılması, kommunikasiyaların açılmasını da tələb edir. Paşinyan bildirir ki, danışıqlar prosesinə ATƏT-in Minsk Qrupu da cəlb edilməlidir. Yenə də qeyri-səmimilik özünü büruzə verir. Məqsəd ATƏT-in Minsk Qrupunu hər vasitə ilə canlandırmaq və yenidən tənzimləmə prosesinə cəlb etməklə, Qərbdən hamilik güdməkdir. Sözün əsl mənasında Ermənistana himayədarlıq edən Fransa və ABŞ-ın isə danışıqlar prosesinə cəlbi və sülhyaratma prosesini onların iştirakı ilə təmin etmək mümkün deyil. Çünki hər iki ölkə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan separatçılara hansısa status verilməsini vacib sayır”.
Məhəmmədəli QƏRİBLİ