Məlum olduğu kimi, ermənipərəst jurnalist Vladimir Solovyov uzun illərdir müəllifi olduğu verilişlərdə Azərbaycanın əleyhinə təbliğat kampaniyası aparır. Ermənilərdən yallanan Solovyov bütün jurnalist kriteriyalarını aşaraq açıq tərzdə tərəfkeşlik edir. Bu adam anlamaq istəmir ki, ermənilər tarixən nankor olublar. Rusiya Cənubi Qafqazda süni şəkildə yoxdan Ermənistan yaratsa da, bu, erməni xislətini dəyişmir.
Bunun nəticəsidir ki, Solovyovun aparıcılıq etdiyi tok-şouda erməni siyasi şərhçi, jurnalist Hayk Xalatyan onun gözünün içinə baxa-baxa bəyan edib ki, Rusiya ilə dost olmaq məğlub olmaq deməkdir: “Moskva elə edir ki, Rusiya ilə dost olmaq “uduzmaq” sözünün sinoniminə çevrilib. Xarici siyasətdə olduğu kimi, siz Rusiyanın yanındasınızsa, “uduzan”sınız. Çünki Donbasdan başlayaraq, Qarabağ və Ermənistan, Moldova, Ukrayna, Gürcüstan və bütün postsovet ölkələri daxili olmaqla Rusiya ilə dost olmaq məğlub olmaq və həmişə uduzmaq deməkdir. Rusiyanın xarici siyasəti budur”.
Rusiyadan küsdüklərini gizlətməyən Xalatyan həmçinin deyib ki, indi ermənilərdə iki fikir formalaşıb: “Ya Rusiya Azərbaycanla razılaşıb, ya da Rusiya televizorda deyilən qədər güclü deyil, Türkiyənin və Azərbaycanın gücündən qorxur. Ona görə də onlar belə qənaətə gəlirlər ki, ya daha güclü, ya da daha etibarlı müttəfiq tapmaq lazımdır”.
Maraqlıdır ki, H.Xalatyan yayda keçirilən növbədənkənar seçkilərdə Robert Köçəryanın “Hayastan” blokundan deputatlığa namizəd olub. Lakin parlamentə düşə bilməyib.
“Bunlar o qədər xəstə düşüncəyə sahibdilər ki, Rusiyanın öz maraqları olduğunu anlamaq istəmirlər”
Məsələyə münasibət bildirən media eksperti Yadigar Məmmədlinin sözlərinə görə, ermənilər hər zaman nankor olublar: “Bunu Solovyov da, onun kimi digərləri də yaxşı bilir. Sadəcə, onlar ermənilərdən hər zaman bir alət kimi istifadə etməkdə maraqlı olublar. Çünki Rusiya öz maraqlarını təmin etməkdən ötrü bunu edir. Rusiya hansısa yardım edəndə ermənilər onları tərifləyir. Elə ki Rusiya bir balaca fərqli mövqedən çıxış edib onların “böyük Ermənistan” ideyasını dəstəkləmir, bunlar olur qatı bir düşmən. Yəni bu, dəfələrlə belə olub. Solovyovun aparıcılıq etdiyi verilişdə də son yaşananlar bunun tərkib hissəsidir. Bütün bunlar 44 günlük müharibəyə görədir. Ermənilər hesab edir ki, gərək Rusiya buna imkan verməyəydi. Bunlar o qədər xəstə düşüncəyə sahibdilər ki, Rusiyanın öz maraqları olduğunu anlamaq istəmirlər. Bunlar onu da anlamaq istəmirlər ki, ermənilər büyük dövlətlərin əlində alətdir. Ancaq nə qədər antirus çağırışları səslənsə də, Solovyovun xisləti dəyişən deyil. Ən azından ona görə ki, o da ermənilərə xas xislətə sahibdir”.
Media eksperti onu da qeyd etdi ki, ermənilər hər zaman böyük dövlətlərin əlində maşa rolunda çıxış ediblər.
Vidadi ORDAHALLI