Ermənistanın baş nazir Nikol Paşinyan noyabrın 17-də parlamentdə keçirilən “hökumət saatı”nda deputatların ünvanladığı suallara cavab verib.
Paşinyan öz komandasından deputat Lena Nazaryanın sualına cavab verərkən deyib ki, Ermənistanın məqsədi Azərbaycanla sülh razılaşması imzalamaqdır: “Bizim məqsədimiz sülh müqaviləsi imzalamaqdır. Lakin sülh müqaviləsinin imzalanmasından əvvəl sülh müqaviləsinin mətni razılaşdırılmalıdır. Azərbaycana sülh sazişi imzalamağı təklif etmişik və hazırda da bunu edirik”.
Həmçinin, o bildirib ki, ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti sülh sazişinin imzalanmasına yönəlib: “Tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz də sülh sazişini imzalamaqdır”.
Paşinyan utanmadan bəyan edib ki, demarkasiya və delimitasiya prosesinə Azərbaycan mane olur: “Məndə yaranan təsəvvürə görə, proses ona görə yerindən tərpənmir ki, Azərbaycan prosesi ya uzadır, ya da onun tərəfindən konkret cavab yoxdur”.
Göründüyü kimi, Paşinyan sülh sazişi ilə bağlı qarışıq və ziddiyətli fikirlər səsləndirib. O baxımdan Paşinyanın sülh sazişi məntiqi necə dəyərləndirilə bilər?
“Onun əsas məqsədi odur ki, əvvəlki kimi yenə də ATƏT-in Minsk Qrupu danışıqlarda aktiv iştirak etsin”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, bu o deməkdir ki, Paşinyan yenə populizmdən çıxış edir: “O, hakimiyyətə gələndən siyasi fəaliyyətini populizm üzərində qurub. İlk vaxtlar elə görüntü yaradırdı ki, Ermənistan Avropaya istiqamət alacaq, regionda ən güclü dövlət olacaq və s. O baxımdan Paşinyanın son açıqlaması müəyyən mənada təəccüblü deyil. Azərbaycan sülh sazişini çoxdan təklif edib. 44 günlük müharibə bitəndən sonra biz bu təkliflə çıxış etdik. Hətta regionda əməkdaşlıq formatını genişləndirmək üçün 3+3 platforması irəli sürülüb. Bundan artıq təşəbbüs necə olur ki? Azərbaycandan çox sərhədlərin delimitasiyasında və demarkasiyasında, sülh sazişinin imzalanmasında maraqlı olan ikinci tərəf yoxdur. Ancaq Ermənistan hakimiyyəti bu tələblərin heç birini nəzərə almaq istəmir. Paşinyan bacardığı qədər prosesləri yubatmağa çalışır. O, ölkə ictimayətini və xüsusən də beynəlxaq ictimaiyyəti aldatmaqdan ötrü bu cür açıqlamalarla çıxış edir. Digər tərəfdən, onun əsas məqsədi odur ki, əvvəlki kimi yenə də ATƏT-in Minsk Qrupu danışıqlarda aktiv iştirak etsin. Çünki yaxşı bilir ki, həmsədrlər bir olanda daha çox Ermənistanın mənafeyindən çıxış edirlər. Xüsusən də Fransa. Ona görə də Paşinyan çıxışlarında Minsk Qrupunu xüsusi qabardır. Paşinyan səmimi olsaydı, ötən bir il ərzində real addımlar atardı. Hansı ki, biz bunu görmürük”.
Politoloqun fikrincə, Paşinyan anlamalıdır ki, proseslərin uzanması daha çox Ermənistanın ziyanına işləyir.
Vidadi ORDAHALLI