Erməni mətbuatı Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyana istinadən belə bir məlumat yayıb ki, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand, Ermənistan üzrə məruzəçi Andrey Kovaçov və Azərbaycan üzrə məruzəçi Jelyana Zovko birgə bəyanatla çıxış ediblər. Qeyd edilir ki, sözügedən bəyanatda onlar Azərbaycan ordusunun aqressiyasına toxunublar. İddia olunur ki, Armen Aşotyan sözügedən bəyanatı yayaraq dövləti buna diqqət yetirməyə çağırıb.
O da məlumdur ki, erməni mediası zaman-zaman Azərbaycanla bağlı təhrifedici xarakterli informasiyalar yayıb. Sonra aydın olub ki, belə məlumatlar həqiqəti əks etdirmir. Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçilərinin həqiqətən belə bir bəyanatı olsaydı və orada Azərbaycan ittiham edilsəydi, o zaman bunu gizlətmək mümkün olmazdı. Doğrudanmı Avroparlamentin Cənubi Qafqaz üzrə məruzəçiləri belə bir bəyanat verib? O üzdən, Aİ-nin Bakıdakı təmsilçiliyi gecikmədən sözügedən erməni yalanına aydınlıq gətirməlidir. Ən azı ona görə ki, indiki həssas dönəmdə buna ciddi zərurət var. O baxımdan operativ açıqlamaya ehtiyac var.
“Avroittifaqa bağlı olan təsisatlar bu kimi məsələlərdə çevik mövqe ortaya qoymalıdır”
Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikrincə, ermənilər beynəlxalq qurumlar adından yalan danışmağa adət ediblər: “Bu nə birincidir, nə də sonuncu. Çünki yalan, iftira bunların xislətindədir. Onlar, nəinki Azərbaycan, digər dövlətlər barəsində də həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Onlar təkcə informasiya saxtakarlığı ilə məşğul olmurlar. Ümumilikdə, ermənilərin özü saxtakar bir toplumdur. Bu məxluqlar, dünyanın hansı hissəsində yaşamalarından asılı olmayaraq, yalnız dağıdıcılıqla məşğuldular. Məlumdur ki, ötən il baş verən 44 günlük müharibə bütün dünyanın diqqət mərkəzində oldu. Başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan həm savaş meydanında, həm də informasiya cəbhəsində ciddi uğurlara imza atdı. O zamandan bütün bunları ermənilər həzm edə bilmir. Noyabrın 16-da bir ildən sonra ilk dəfə olaraq sərhəddə ciddi toqquşmalar baş verdi. Ancaq bu dəfə də mənfur ermənilər öz istəklərini reallaşdıra bilmədilər. Avropa İttifaqı ciddi bir qurumdur. Üstəlik, Azərbaycanla geniş əlaqələrə malikdir. Azərbaycanın Avropanın enerji təchizatında oynadığı rol barədə geniş danışmağa zərurət yoxdur. O baxımdan Aİ-nin Bakıdakı nümayəndəliyi dərhal bununla bağlı izahat verməlidir. Nəzərə almalıdılar ki, bu cür əsası olmayan informasiyaların yayılmasında məqsəd həm də Azərbaycanın Avroittifaqla əlaqələrinə zərbə vurmaqdır. Avropa Parlamenti Aİ-yə aid olan təsisatdır. Məgər Aİ ermənilərə onların adından danışmaq barədə səlahiyyət verib? Bu baxımdan məsələyə son dərəcə ciddi yanaşılmalıdır. Cənubi Qafqazda hansısa qeyri-sabitlik Avropa İttifaqının da maraqlarına zərər vurur. Ona görə də sözügedən quruma bağlı olan təsisatlar bu kimi məsələlərdə çevik mövqe ortaya qoymalıdır”.
V.Rəhimzadə hesab edir ki, bu, son dərəcə vacib məsələdir.
Vidadi ORDAHALLI