Noyabrın 16-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-ın bu ölkədəki səfiri Lin Treysini qəbul edib. Armen Qriqoryan səfirlə görüşündə Ermənistan-Azərbaycan sərhədində operativ taktiki vəziyyəti müzakirə edib və bildirib ki, Azərbaycanın bu hərəkətləri Ermənistan sərhədinin demarkasiyasına zərbədir.
Armen Qriqoryan Ermənistan tərəfinin mövqeyini bir daha təkrar edərək bildirib ki, Azərbaycan Silahlı Qüvvələri may ayında olduğu mövqelərə çəkilməlidir. Təhlükəsizlik Şurasının katibi həmçinin qeyd edib ki, Ermənistan sərhədlərin demarkasiya prosesinə başlamağa hazırdır, lakin bunun Dağlıq Qarabağ məsələsi ilə heç bir əlaqəsi yoxdur. Azərbaycanın ərazi bütövlüyü tanınmadan demarkasiya prosesi həyata keçirilə bilərmi?
Politoloq Qabil Hüseynli “ Bakı-Xəbər”ə bildirdi ki, bunlar birbaşa əlaqəli olan proseslərdi: “Ermənistan müxtəlif bəhanələrlə bir ildir bu prosesi yubadır. Sonda isə daha irimiqyaslı təxribata əl atdığının şahidi olduq. Ancaq çox layiqli də cavablarını aldılar. Düşünürəm ki, bundan sonra sərhədlərin dəqiqləşməsi ilə bağlı addımlar atmağa çalışacaqlar. Bunun üçün ilk növbədə hər iki ölkə bir-birinin sərhədini tanımalıdır. SSRİ-nin dağılmasından sonra hələ də delimitasiya və demarkasiya prosedurundan keçməyən Ermənistan-Azərbaycan sərhədində vəziyyət son günlər ərzində xeyli gərginləşib, demək olar ki, lokal müharibə səviyyəsinə çatdı. Sərhəddə vəziyyətin ciddi şəkildə gərginləşməsi Ermənistan baş naziri Nikol Paşinyanın demarkasiya və delimitasiya məsələsi ilə bağlı bəyanatından sonra baş verib. O, faktiki olaraq, açıq şəkildə sərhədlərin müəyyənləşməsi haqqında daha əvvəl əldə olunmuş razılaşmaları inkar edib. Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində Azərbaycanın bu yolla Qarabağın Dağlıq hissəsini de-yure öz tərkibinə daxil etməyə çalışmasından ehtiyatlandığını bildirib. Deyib ki, Azərbaycanın sərhədləri tanınarsa Qarabağ avtomatik olaraq Azərbaycanın tərkib hissəsinə çevrilir.
Sentyabrda Moskvada keçirilən brifinqdə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sərhəd boyunca demarkasiyası prosesinin tezliklə işə salınmasında maraqlıdırlar. Ancaq göründüyü kimi, bundan boyun qaçıran Ermənistandır. Azərbaycanın ərazi bütövlüyünü tanımadan bu proses həyata keçirilə bilməz”.
Politoloqun sözlərinə görə, ermənilər bəhanə irəli sürürlər ki, güya bu sülh sazişini istəmirlər: “Çünki onda Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqlar. Bəs, o zaman sülh nədən ibarət olacaq? Ərazi bütövlüyünü tanımırsansa, o zaman sülh necə ola bilər? Yəni faktiki olaraq, onlar müharibə təklif edir. Nikol Paşinyan qorxur, çəkinir ki, sülh sazişini imzalasa, Qarabağı tanımalı olacaq və onu devirə bilərlər. Halbuki, müharibədəki məğlubiyyətdən sonra parlament seçkisində böyük qələbə qazanıb. Yəqin ki, son hadisələr onları daha konkret addımlar atmağa vadar edəcək”.
Məhəmmədəli QƏRİBLİ