“Azərbaycan və Ermənistan Müdafiə nazirliklərinin rəhbərləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə söhbətdən sonra vəziyyəti sabitləşdirmək üçün tədbirlər görüblər, Kilisalı dağı ərazisində vəziyyət normallaşıb”.
Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatında deyilir.
Qeyd edilir ki, Rusiyanın vasitəçiliyi ilə məsələ yoluna qoyulub: “Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycan və Ermənistanın hərbi idarələrinin rəhbərləri ilə telefon danışıqları nəticəsində tərəflər vəziyyətin sabitləşdirilməsi istiqamətində tədbirlər görüb. Hazırda Kilisalı dağı ərazisində toqquşmalar dayandırılıb, vəziyyət normallaşıb və nəzarət altındadır”.
Ümumiyyətlə, bu fikir rus və erməni mediasında çox hallanır ki, məhz Rusiyanın vasitəçiliyi ilə əməliyyatlar dayandı. Bunu hər iki ölkə mediası xüsusi qabardır. O baxımdan bu o demək deyilmi təxribatlatda Rusiyanın da əli var və bununla bir daha göstərirlər ki, ruslarsız bu bölgədə sabitlik olmayacaq?
“Kreml özünü əvəzolunmaz göstərir və Qarabağ məsələsindən təzyiq vasitəsi kimi istifadə edir”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bunu istisna etmədi. Onun fikrincə, təxribatın arxasında Rusiya dayanır: “Azərbaycan hər hansı xüsusi tədbirdə iştirak edəndən sonra mütləq Rusiya və Ermənistan təxribata əl atır. Bu günlərdə İstanbulda türk dövlətlərinin iştirakı, Azərbaycanın artan nüfuzu müəyyən qüvvələri narahat edir. Həmin tədbirdən sonra təxribatın baş verəcəyi gözlənilən idi. Bu səbəbdən cəbhədə və Qarabağda təxribatlar başladı. Ermənilərin o gücü, potensialı yoxdur ki, Azərbaycanla üz-üzə gəlsinlər. Onları təhrik edən və arxalarında dayanan qüvvə Rusiyadır. Bu günlərdə Daşaltı kəndi yaxınlığında baş verən təxribatın və dünən sərhəddə gedən döyüşlərin də arxasında Rusiya dayanır. Bizim müəyyən itkilərimiz olsa da, Azərbaycan Ordusu qarşı tərəfə güclü zərbə endirərək onları geri oturtdu. Görəndə ki, Azərbaycan təşəbbüsü ələ alır, ortaya yenə Rusiya girdi. Paşinyan Putinə yalvardı. Daha sonra Rusiya müdafiə naziri Sergey Şoyqu tərəflərlə təmaslara keçdi və döyüşlər dayandırıldı. Bununla Rusiya göstərmək istəyir ki, Azərbaycan və Ermənistan arasında Moskva olmadan atəşkəsin təmin olunması mümkün deyil. Eyni zamanda Rusiya bu minvalla digər dövlətləri də ikinci plana atır. Yəni bütün bunlar Azərbaycana təzyiq vasitəsidir. Digər tərəfdən, dünən Rusiyanın ATƏT-in Minsk Qrupundakı nümayəndəsi digər həmsədrlərlə birlikdə bəyanat imzaladı. Bəyanatda qeyd edilir ki, məsələ Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənməlidir. Bütün hallarda, Kreml özünü əvəzolunmaz göstərir və Qarabağ məsələsindən təzyiq vasitəsi kimi istifadə edir”.
Partiya sədri onu da qeyd etdi ki, Rusiya bununla öz imperiya siyasətindən əl çəkmədiyini bir daha göstərdi.
Vidadi ORDAHALLI