Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.
Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.
Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə, ilkin məlumata görə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatı üçün təhlükə yoxdur.
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.
Genişmiqyaslı təxribat törətməklə qısamüddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi İrəvanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.
Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.
Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib.
Son dövrdə Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində törətdiyi təxribatlar bu gün daha da intensivləşib və genişmiqyaslı xarakter alıb. Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirməklə daha əlverişli mövqelərə yiyələnmək və hərbi üstünlüyə nail olmaq məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədində ölkəmizə qarşı törətdiyi genişmiqyaslı təxribatlarla əlaqədar noyabrın 16-da təşkil olunan brifinqdə deyib.
A.Eyvazov bildirib ki, Müdafiə Nazirliyi tərəfindən vəziyyətlə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.
Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi hərbçilərimiz tərəfindən dəf edilib. Qarşı tərəfin dövlət sərhədi boyunca istənilən döyüş aktivliyi bölmələrimiz tərəfindən izlənilir.
Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir.
Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır. Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb.
Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.
“Bir daha bəyan edirik ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır” – Nazirliyin açıqlamasında deyilir.
Bu arada, noyabrın 15-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq təqdim olunub.
Brifinq iştirakçılarına dövlət sərhədində Ermənistan tərəfinin törətdiyi təxribatlar və hazırda mövcud vəziyyət barədə ətraflı məlumat verilib.
Baki-xeber.com