Ermənistanın və sülhməramlıların davamlı səylərinə baxmayaraq, Qarabağda etnik erməniləri saxlamaq mümkün olmur. Hər vasitə ilə oranı tərk etməyə çalışırlar. Rusiyanın RBK kanalının saytında Qarabağdan reportaj yayımlanıb. Reportajda bir sıra diqqəti çəkən məqamlar var.
Məlum olur ki, ermənilərin Qarabağa qayıtması problem olaraq qalır: “Əhalinin qayıtması qondarma rejimin də sağ qalması baxımından mühüm məsələdir, əgər insanlar orada yaşamaq istəmirlərsə, bura Ermənistana lazım olmayan torpaq olacaq. Ermənistanda 27 minə qədər “Qarabağ ermənisi” var və onlar qayıtmaq niyyətində deyillər. Sakinlər deyir ki, qorxudan qayıtmırıq. Oranın statusu yoxdur. Bu gün ruslar oradadır, bəs sabah? 4 ildən sonra orada necə olacaq? Bundan başqa, müharibədən sonra gəlirlər kəskin azalıb, gələn il daha da azalacaq. Elektrik enerjisində ciddi problemlər yaranıb. Müharibədən öncə burada 36 su elektrik stansiyası istismar edilirdi, indi bunun 29-dan məhrum olublar. Hazırda Ermənistandan asılı vəziyyət yaranıb, lakin gələn xəttin gücü yetərli deyil, tez-tez elektrik enerjisi kəsilir. Ermənistan bankları Qarabağdakı ermənilərə kredit vermir. Buna səbəb müharibədən sonra yaranmış vəziyyət, eləcə də əhalinin borclarıdır”.
Görünən odur ki, Ermənistanın bu istiqamətdə səyləri fiaskoya uğramaqda davam edir.
“O baxımdan hesab edirəm ki, Qarabağdan ermənilərin köçü davam edəcək”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, bütün bunlar onu göstərir ki, süni vasitələrlə erməniləri orada saxlamaq mümkün olmayacaq: “Ermənistan öz büdcəsindən Qarabağdakı separatçılara 300 milyon dollar ayırıb. Üstəlik, Rusiya sülhməramlıları öz səlahiyyət çərçivələrindən kənara çıxaraq orada müəyyən sosial obyektlər inşa edirlər. Bütün bunlarda məqsəd eynidir - erməni köçünün qarşısını almaq. Ancaq bu kimi metodların uzunmüddətli perspektivi yoxdur. Çünki Qarabağ erməniləri görür ki, 30 ilə yaxın idi böyük və zəngin ərazilər işğal altında idi. Ancaq Ermənistan bütün bunları onların lehinə çevirə bilmədi. Qarabağda ermənilərin sayını artıra bilmədilər. Bölgənin təbii resurslarını talasalar da, bundan iqtisadi dəyər yarada bilmədilər. Əvvəl 13 min kvadrat kilometrə yaxın ərazi işğal altında idisə, Vətən müharibəsindən sonra separatçıların və rus sülhməramlıların nəzarətində qalan ərazilər 3 min kvadrat kilometrə yaxındır. Üstəlik, hər tərəfdən bizim mühasirəmizdədirlər. Belə olan halda, təbii ki, erməniləri orada indiki şərtlər daxlində saxlamaq mümkün olmayacaq. Ermənilər hiyləgər bir millət olduqları üçün bütün bunların fərqindədirlər. O baxımdan hesab edirəm ki, Qarabağdan ermənilərin köçü davam edəcək”.
Ekspert onu da qeyd etdi ki, iqtisadi inkişaf olmadan əhalini orada saxlamaq mümkün olmayacaq.
Vidadi ORDAHALLI