Son günlər Ermənistanın dövlət sərhədlərimizdə aktivləşməsi nəzərə çarpır. Ardıcıl təxribatlardan sonra layiqli cavablarını alan bu ölkə üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mövzusunu yenidən gündəmə gətirib. Ermənistanın içtimai rəyində belə təkliflər aktuallaşıb ki, sərhəddə baş verənlərə həmin qurum mütləq müdaxilə etməlidir.
Göründüyü kimi, Ermənistan mətbuatı Paşinyan hakimiyyətini yenə də avantürist siyasi manevrlərə həvəsləndirir. Elə hakimiyyətin özündə də belə meyllər nəzərə çarpır. Xüsusilə də Ermənistanın həmin qurumda rotasiya qaydası əsasında dönəm sədrliyinin məhz indiki zamana təsadüf etməsini əsl fürsət kimi dəyərləndirməyə çalışırlar. Ancaq dəfələrlə Ermənistan bu kartdan istifadə etməyə çalışsa da, heç bir effekti olmayıb. Ermənistanın KTMT-yə etdiyi müraciətlərin bu dəfə hansısa effekti ola bilərmi?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində, Paşinyan hakimiyyətinin KTMT ətrafında avantürist siyasi gərginlik yaratmaq təcrübəsi var: “Vaxtilə rəsmi İrəvan bu qurumda Ermənistanı təmsil edən general Xaçaturovun həbs olunması ilə KTMT-nın fəaliyyətini iflic etməyi bacardı. Belə başa düşülür ki, Paşinyan hakimiyyəti bu təcrübəni təkrarlamaq və hətta daha da inkişaf etdirmək niyyətindən o qədər də uzaq deyil. Üstəlik, sentyabr ayından KTMT-ya sədrlik Ermənistana keçdiyindən, rəsmi İrəvan bu faktordan istifadə etməyə çalışır. Maraqlıdır ki, Rusiya siyasi dairələrində də Ermənistanın KTMT-dan öz məqsədləri və maraqları çərçivəsində istifadə etməyə çalışa biləcəyindən narahatlıq keçirilir. Hesab edilir ki, rəsmi İrəvan ötən il 44 günlük savaşda Azərbaycana məğlubiyyətin nəticəsində yaranmış vəziyyəti Ermənistanın xeyrinə dəyişmək üçün ən xirda şansdan belə, istifadə edəcək. Artıq biz bunun işartılarını görürük. KTMT-ya sədrlik dönəmində əldə olan şanslarından maksimum yaralanmağa çalışırlar. Ancaq bununla belə, rəsmi İrəvanın “Rus NATO-su” üzərindən böyük uğurlar qazana biləcəyi də ciddi şübhələr doğurur. Çünki KTMT, əslində, Rusiyanın patronajlığı altında yaradılıb. Üstəlik, bu qurumun hərbi potensialı məhz Rusiyanın gücü ilə məhdudlaşır. Yəni digər üzv dövlətlərin hərbi potensialı elə bir ciddi əhəmiyyət daşımır və məhz Rusiyadan birbaşa asılı vəziyyətdir.
Hər halda, Rusiya öz hərbi potensialından rəsmi İrəvan tərəfindən Ermənistanın geopolitik maraqları üçün istifadə edilməsinə imkan verməz. Və bu, Rusiyanın beynəlxalq nüfuzuna zərbə olardı. Ermənistanda çoxları istər Tovuz təxribatı dönəmində, istər 44 günlük müharibə, istərsə də 2021-ci ildə Qaragöllə bağlı sərhəd münaqişəsi zamanı Moskvanın Bakıya daha fəal təzyiq göstərəcəyini və İrəvana dəstək üçün daha ciddi addımlar atacağını gözləyirdi. Ermənistanın həm iqtidar, həm də müxalif yönlü siyasətçiləri belə bir ovqatda olublar. Ermənistanın hakim partiyasının nümayəndələri 2021-ci ilin yazında Qaragöl ətrafındakı böhranla bağlı mövqeyinə görə KTMT-ni tənqid etdilər. Onlar yəqin ki, bu hərbi blokun ilk növbədə Rusiya ilə əlaqəli olduğunu da nəzərə alıblar. Nikol Paşinyan o zaman qeyd etmişdi ki, “hazırda KTMT-nin hərəkətlərinin sürəti bizi qane etmir”. KTMT-nin əsl sahibi olan Rusiya qurumun Azərbaycan əleyhinə yönəlməsinə imkan verməz. Çünki aydın şəkildə görünür ki, bütün təxribatları törədən biz yox, Ermənistandır”.
Məhəmmədəli QƏRİBLİ