Məlum olduğu kimi, Azərbaycan tərəfi Gorus-Qafan yolunun əvvəlcə Qubadlının Eyvazlı və Çayzəmi kəndləri arasından keçən hissəsində, daha sonra indiki Ermənistan ərazisinə aid olan Çakaten kəndini Qafana birləşdirən və Zəngilan rayonu ərazisindən keçən hissəsində sərhəd-gömrük nəzarəti tətbiq edib.
Nəticədə Ermənistan vətəndaşlarının bu yollardan istifadəsi qeyri-mümkün olub və Zəngəzur bölgəsinin 6 yaşayış məntəqəsi praktiki olaraq təcrid vəziyyətində qalıb. Gömrük nəzarəti yaradılandan sonra İran tərəfi bu yoldan istifadə etsə də, Ermənistan hələlik bundan imtina edir.
Məsələnin digər maraqlı tərəfi ondan ibarətdir ki, Qafanda hava limanı olsa da, ermənilər ondan da rahat istifadə etmək imkanından məhrumdur. Erməni mətbuatı yazır ki, Gorus-Qafan yolunun bağlanması qalmaqalı fonunda hökumət yaxın vaxtlarda İrəvan-Qafan-İrəvan hava daşımasının həyata keçiriləcəyini bildirdi, amma bununla bağlı bir sıra problemlər var: “Çünki 2020-ci ilin dekabrının ortalarında Baş nazir tərəfindən elan edilmiş məlum şifahi razılaşma nəticəsində azərbaycanlılar hava limanından cəmi 200 metr aralıda mövqelər qurublar. Bundan başqa, eniş edən təyyarənin sərnişini təyyarədən çıxarkən ilk olaraq Azərbaycan bayrağını görə bilər, eyni zamanda, təyyarənin marşrut problemi də var. Çünki çox böyük ehtimalla, təyyarə ən azından eniş edəndə Azərbaycanın hava məkanına daxil ola bilər”.
Görünən odur ki, Ermənistanın Zəngəzur dəhlizi məsələsində destruktiv mövqedən çıxış etməsi ermənilərə baha başa gəlir.
“Bu səbəbdən İrəvan-Qafan-İrəvan hava daşımasının həyata keçiriləcəyi perspektivli görünmür”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Ermənistan öz işğalçı ambisiyalarından əl çəkmədikcə belə acınacaqlı durumla üzləşəcək: “Əvvəla, hava nəqliyyatı digər nəqliyyat vasitələri ilə müqayisədə qiymət baxımından bahadır. Yoxsul Ermənistan əhalisi üçün bunun nə demək olduğunu geniş izah etməyə ehtiyac yoxdur. O da məlum həqiqətdir ki, Qafan hava limanı Azərbaycanla sərhədə çox yaxındır. Zatən iqtisadi səbəblərdən həmin hava limanının işlədilməsi sərfəli deyildi. Zəngilan azad ediləndən sonra isə hava limanının yerləşdiyi ərazi bizim ordumuzun vizual nəzarəti altındadır. Üstəlik, ərazi dağlıq relyefə malik olduğundan, təyyarənin manevr etmək və hava limanına istiqamət almaq imkanları məhduddur. Bu da, öz növbəsində, Azərbaycanın hava məkanına daxil olma risqini artırır. Bu səbəbdən İrəvan-Qafan-İrəvan hava daşımasının həyata keçiriləcəyi perspektivli görünmür. Belə vəziyyət isə Zəngəzurun indiki Ermənistan ərazisinə aid olan kəndlərinin sürətlə boşalmasına, əhalinin köç etməsinə gətirib çıxaracaq. Onsuz da bu tendensiya müşahidə olunur”.
Bu baxımdan hərbi ekspert hesab edir ki, Ermənistanın tək çıxış yolu danışıqlarda konstruktiv mövqe sərgiləməsindən keçir.
Vidadi ORDAHALLI