“2009-cu ildə Naxçıvan Zirvə görüşündə Naxçıvan sazişi imzalanmışdı. Onu dörd lider imzalamışdı, amma bu gün bizim sayımız 7-yə çatıb”. Bunu Prezident İlham Əliyev İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə çıxışı zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, son iki il ərzində önəmli hadisələrdən biri Türkmənistanın bizim təşkilata müşahidəçi qismində qoşulmasıdır: “Bu da təbiidir və mən böyük məmnuniyyətlə bu haqda bu gün hələ ki, təşkilata sədrlik edən şəxs kimi deyirəm. Bizim türkmən qardaşlarımızı da ürəkdən salamlayırıq və bu, çox önəmli addımdır. Eyni zamanda, Bakı Zirvəsində Özbəkistan bizim Şuraya üzv oldu, bu da çox önəmli hadisədir. Mən xatırlayıram, 2009-cu ildə Naxçıvan Zirvə görüşündə Naxçıvan sazişi imzalanmışdı. Onu dörd lider imzalamışdı, amma bu gün bizim sayımız 7-yə çatıb. Bu onu göstərir ki, bizim təşkilatımız çox cəlbedicidir. Əminəm ki, hər bir üzv və hər bir müşahidəçi bundan sonra da bir nöqtəyə vuraraq bizim gücümüzü artıracaqdır”.
Görünən odur ki, Türk Dövlətləri Birliyi etimadı doğrulduğu üçün sıralarını genişləndirir. Bu isə, öz növbəsində, qurumun cazibədarlığını artırır.
O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirir?
“Bunun nəticəsidir ki, ötən illər ərzində üzv dövlətlərin sayı artıb”
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, birliyin daha da genişlənməsi və güclənməsi qaçılmazdır: “Türk dövlətlərinin bir araya gəlməsi, birlik yaratması tədricən olub. Çünki Türkiyəni çıxmaq şərtilə, türkdilli dövlətlərin əksəriyyəti Rusiyanın təsiri altında olub. SSRİ dağılandan sonra Rusiyanın təsiri azaldı. Ancaq Azərbaycandan fərqli olaraq, Orta Asiya ölkələri bir müddət Moskvanın təsiri altında qaldılar. Başqa bir tərəfdən, Türkiyədə Ərdoğandan əvvvəlki hökumətlər türk dövlətlərinin inteqrasiyasına o qədər də diqqət yetirmirdilər. Düzdür, mərhum Turqut Özalın prezidentliyi dövründə buna müəyyən cəhdlər olsa da. sonra bu proseslər ləngidi. Ancaq son illər tamamilə fərqli proseslər gedir. Türkiyə və Azərbaycan gücləndikcə, türkdilli dövlətlərin bir araya gəlməsi prosesi sürətləndi. Bu işdə Prezident İlham Əliyevin də müstəsna xidmətləri var. Türkdilli dövlətlərin zəngin resursları, ortaq dəyərləri bu birliyin gücünü artırır. Bu isə daha çox ölkənin bura qoşulmasına zəmin yaradır. Bunun nəticəsidir ki, ötən illər ərzində üzv dövlətlərin sayı artıb”.
Professor onu da qeyd etdi ki, inteqrasiyanın daha da dərinləşəcəyi güman olunur.
Vidadi ORDAHALLI