İsveçin paytaxtı Stokholmda Kanadanın “Bombardier” şirkətinin törəmə şirkətinin (“Bombardier Sweden”) keçmiş vitse-prezidenti Tomas Bimer üzərində məhkəmə başlayır. Bildirilir ki, Tomas Bimer 2003-cü ildə “Bombardier” şirkəti ilə Azərbaycanın o zamankı Nəqliyyat Nazirliyi arasında bağlanmış Bakı-Böyük Kəsik dəmiryol xəttinin yenidən qurulması layihəsi çərçivəsində siqnal avadanlıqlarının təchizatını nəzərdə tutan müqavilə çərçivəsində “bəzi azərbaycanlı məmurlara” “otkat” verməkdə ittiham olunur. Bimerə qarşı rəsmi ittiham bu ilin iyun ayında irəli sürülmüşdü.
Xatırladaq ki, ümumi dəyəri 350 milyon dollar olan həmin müqavilədən qiymətlərin kəskin şişirdilməsi və aralıq offşor şirkətlərdən istifadə olunması yolu ilə azərbaycanlı məmurlara 100 milyon dollar “otkat” ötürüldüyü bir neçə il əvvəl üzə çıxmışdı. Bu korrupsiya faktı böyük qalmaqala səbəb olub, “Bombardier” Kanada şirkətinin rəhbəri istefa verib. Və Dünya Bankı bu şirkətin iştirak etdiyi layihələrə kredit ayrılmasını dayandırıb. Həmin dövrdə Nəqliyyat Nazirliyinə Ziya Məmmədov başçılıq edirdi, o vaxt nazirliyin tərkibində olan “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri isə nazir müavini qismində Arif Əsgərov idi.
“Tomas Bimer şirkətdə bu layihəyə cavabdeh olan şöbənin rəhbəri idi. Biz hesab edirik ki, “Bombardier” şirkətinin Azərbaycandakı sifarişçilərlə sövdələşməyə girdiyi ona məlum olub”, - prokuror Staffan Edlund ittiham irəli sürülərkən jurnalistlərə demişdi. Bildirilir ki, həmin 100 milyon dollar “otkat”ı alan Azərbaycan dəmir yolları məmuru həm də yerli “Trans Siqnal Rabitə” MMC (TSR) adlı şirkəti təmsil edirdi. Həmin şirkət “Bombardier” şirkətinin İsveç nümayəndəliyi ilə birlikdə Nəqliyyat Nazirliyinin elan etdiyi tenderi udub. “Otkat”ın ötürülməsi üçün aralıq şirkət olaraq Rusiya Dəmir Yollarının keçmiş tərəfdaşı Vladimir Yakuninin təsis etdiyi “Multiserv Overseas Ltd.” adlı offşor şirkətdən istifadə olunub.
Azərbaycan hökuməti adından şirkətlə danışıqları aparan əsas şəxs sabiq nəqliyyat naziri Ziya Məmmədov olub.
“Bombardier” şirkəti ilə Azərbaycan Nəqliyyat Nazirliyinin keçmiş rəhbərliyinin korrupsiya sxemində adı keçən “Trans Siqnal Rabitə” MMC şirkəti isə 2019-cu ilin avqustunda “könüllü ləğvini” elan edib. Şirkətin “Bombardier” lə 340 milyon dollarlıq müqavilədəki payı 40 milyon dollara yaxın olub.
Çox maraqlıdır, ortada bu qədər ciddi faktlar olduğu halda, bizim Baş Pokurorluq niyə bu işlə bağlı araşdırma aparmır? Hər halda, dövlətimizin imicinə ciddi zərbə olan bu fakta öz ölkəmizdə də hüquqi qiymət verilsə yaxşı olar.
Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bir vətəndaş kimi, Avropa İnsan Haqları Məhkəməsinin bizimlə bağlı çıxardığı qərarları görəndə çox narahat olur: “Bilirsiniz ki, həmin məhkəmə işə bizim daxili məhkəmə instansiyalarına müraciət imkanları bitəndən sonra baxa bilir. Belə çıxır ki, bu qədər instansiyaların səhvinə görə Azərbaycan dövləti öz büdcəsindən pul ödəməli olur. Bu pullar niyə səhvə yol verən hakimlərin cibindən yox, dövlətin büdcəsindən ödənilməlidir? İndi də zamanında yüksək rütbədə olan azərbaycanlı məmurlarla bağlı Avropa hüquq sistemində korrupsiya araşdırmaları aparılır. Bu da çox üzücüdür. Deməli, həmin insanların əməlində həm hərəkət, həm də hərəkətsizlik var. Yəni etməməli olduğu əməli edib, etməli olduğunu isə yerinə yetirməyib. Avropa ölkələrində Azərbaycanın hər hansı vətəndaşı ilə bağlı cinayət təqibinə başlayırlarsa, Azərbaycan bununla bağlı həmin əməlin tərkibinə görə bizim Cinayət Məcəlləsində ehtiva olunan maddələr əsasında cinayət təqibinə başlaya bilər. Bu zaman biz onlara müraciət edirik. Onlar cinayət işinin materiallarını bizə təqdim edir və biz həmin əmələ uyğun hüquqi araşdlrmaya başlayırıq. Yetər ki, bizim Baş Prokurorluq bunu tələb etsin. Ola bilər ki, bizim üçün aydın olmayan nüanslar var. Onlar bu qənaətə də gələ bilər ki, həmin şəxslər vəzifədə olan zaman törətdikləri cinayətlərə göz yumulubsa, bundan sonra da hansısa təqib həyata keçirilməyəcək. Həm də hesab edirlər ki, onların təqsiri yerinə yetirilsə belə, Azərbaycan həmin sabiq məmurları ekstradisiya etməyə bilər. İstənilən halda, bu cür hallar bizim ölkəmizim imicinə olduqca mənfi təsir edir. Buna görə də həmin işin bizim ölkədə də araşdırılması lazımdır”.
Məhəmmədəli QƏRİBLİ