Noyabrın 8-də Azərbaycanın Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə üzərində Xudafərin körpüsünün şəklinin yer aldığı yeni 500 manatlıq əskinas çap etməsi İranda bir qrup medianın qəzəbinə səbəb olub. İran mediası iddia edib ki, guya Xudafərin körpüsü İranın milli sərvətləri siyahısına salınıb və bu onlara qarşı hörmətsizlikdir.
Ancaq İran mediası unudur ki, Xudafərin körpüsünün bir hissəsi İran ərazisinə düşürsə, digər hissəsi də Azərbaycan Respublikasının ərazisinə aiddir. Xudafərin körpüsü Azərbaycanın milli-mədəni dəyərlərini göstərən ən mühüm tarixi abidələrdən biridir.
“Azərbaycan tərəfi Xudafərin körpüsünün YUNESCO-nun mədəni irsinə daxil edilməsi ilə bağlı müraciət edib, ancaq İran tərəfi…”
Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, İran mediası birbaşa İran Mərkəzi fars düşüncəsinə xidmət etdiyindən bu qənaətə gəliblər. Ancaq hər kəsə məlumdur ki, Xudafərin körpüsü güney və quzey Azərbaycandan axan Araz çayının üzərində qurulub: “Bununla bağlı İranın və ya güney azərbaycanlıların nə qədər haqqı varsa, eyni qaydada quzey azərbaycanlıların da haqqı var. Bu körpü bütöv Azərbaycana aiddir. Bu səbəbdən də İran mediasının yazdığı məlumatlar cəfəngiyatdır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan tərəfi Xudafərin körpüsünün YUNESCO-nun qeyri-maddi mədəni irsinə daxil edilməsi ilə bağlı müraciət edib. Ancaq İran tərəfi indiyə qədər bu körpünün mədəni irsinin qorunması ilə bağlı hər hansı bir iş görməyib. Adıçəkilən ölkənin mediası İran irsini, Azərbaycan türkləri ərazisindəki mədəni irsi belə qoruyandırsa Ərk qalasını müdafiə etsinlər. Və ya Güney Azərbaycanda dağılan qoç qəbir daşlarını qorusunlar. Bu kimi faktlar yetərincədir. İran tərəfi həmin abidələrin bərpa olunması ilə bağlı heç bir iş görməyib”.
Həmsöhbətimizin sözlərinə görə, İran mediasının Xudafərin körpüsü ilə bağlı fikir bildirməsi o deməkdir ki, onlar Ermənistana xidmət edir: “Məlumat üçün bildirim ki, ermənilərin də pul vahidinin üzərində Xudafərin körpüsünün şəkli var. Maraqlıdır, İran mediası ermənilərin pul vahidində adıçəkilən körpünün şəklinin olmasına qıcıqlanmır, ancaq bizdə olanda fərqli reaksiya verir”.
S.Soltan onu da əlavə etdi ki, 1980-cı ildə Araz çayı üzərində su elektrik stansiyası tikilən zaman Xudafərin körüsünü Sovet hökuməti dağıtmaq istəyirdi. O zaman İran tərəfi deyil, Azərbaycan elmi ictimaiyyəti Moskvanın bu addımına qarşı çıxdı və Xudafərin körpüsünün mədəni irs kimi qalmasına nail ola bildilər.
Günel CƏLİLOVA