Ermənistan-Azərbayan Dağlıq Qarabağ münaqişəsinə yağlı nöqtə qoyulub, buna qayıdış yoxdur. RF Dövlət Dumasının deputatı, “Rodina” Partiyasının sədri Aleksey Juravlyov belə hesab edir.
“Şuşa şəhərində Üzeyir Həcıbəyov, Bülbül və Natəvana qoyulmuş büstlər mədəniyyət paytaxtının Azərbaycana geri qayıtdığından xəbər verir. Şuşada “Xarıbülbül” Festivalının keçirilməsi təsadüfi deyil. Bütün bunlar sübut edir ki, burada hərbi bazalar, iri obyektlər inşa olunmur, regionun mədəniyyət sərvəti bərpa edilir və buraya həyatın qayıtmasını nümayiş etdirmək üçün hər şey olunur”, - Juravlyov bazar günü Şuşa şəhərində keçirilən “Cənubi Qafqazda sülhün möhkəmlənməsi problemləri” adlı konfransda bildirib.
Onun sözlərinə görə, işğalı dövründə bu mədəniyyət sərvətini nə qədər məhv etməyə çalışsalar belə, “o qorunub və əsrlər boyu yaşayacaq”.
Konfransa zamanı Juravlyov şənbə günü Şuşa yaxınlığında erməni terrorçunun törətdiyi terror aktını da şərh edib.
“(...) Bu terror aktının qəsdən törədilməsi mümkündür, çünki biz sülh dialoqunun müzakirəsi, dinc həyatın bərqərar olması məqsədilə burada konfrans keçiririk”, - o qeyd edib.
Juravlyov vurğulayıb ki, Ermənistanda hələ də bölgədə sülhün bərqərar olmasını arzu etməyən qüvvələr qalmaqdadır.
“İrəvanın mərkəzində hökumətin icazəsi ilə rusofob mitinqlər keçirilir. Belə çıxır ki, hər şeyin günahkarı bizik (Rusiya - İF). Bütün bunlar qəsdən törədilir. Əgər bu cür əhval-ruhiyyə yatırılmırsa, o zaman bu düzgün deyil. Əlbəttə, (Şuşa şəhəri yaxınlığında Azərbaycan postuna - İF) qumbara atan şəxs düşünüb ki, belə etmək olar. Olmaz! Bu münaqişəyə yağlı nöqtə qoyulub, buna qayıdış yoxdur. Əgər bu kiməsə aydın deyilsə, gəlib bu ərazilərin necə bərpa olunduğuna baxsın”, - Dövlət Dumasının deputatı bildirib.
Konfransda Juravlyov Molla Pənah Vaqifin “Durnalar” şerindən bir bənd oxuyub.