“Bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk”.
Bunu Prezident İlham Əliyev İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısının sözlərinə görə, biz hazırda daha bütöv, daha birləşmiş şəkildə gələcəyə addımlayırıq: “Bugünkü Zirvə görüşünün çox böyük tarixi əhəmiyyəti var. İlk növbədə ona görə ki, biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Çünki bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk. Bizim xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və biz bu gün böyük coğrafiyanı əhatə edirik, böyük iqtisadi, siyasi, hərbi gücü bu coğrafiyada ehtiva edirik. Bizim ölkələrimizdə zəngin təbii qaynaqlar var, müasir infrastruktur var, nəqliyyat yolları var”.
Bütün bu deyilənlərin fonunda ölkə başçısının türkdilli dövlətlərin birliyinin perspektivi ilə bağlı dəyərləndirməsini ekspertlər necə qiymətləndirir?
Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirovun fikrincə, cənab Prezident çıxışında olduqca önəmli məsələlərə toxundu: “Əvvəla, Türk Şurasına üzv dövlətlərin imzası ilə Prezident ən yüksək ali ordenə layiq görüldü. Bu da səbəbsiz deyil. Ona görə ki, cənab Prezident Vətən müharibəsində tarixi qələbəyə imza atdı. Bu qələbə, həm də türk dünyasının qələbəsidir. Çünki bunun sayəsində Zəngəzur dəhlizi işə düşəcək. 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi nəticə etibari ilə türk dünyasını parçaladı. Ona görə də Zəngəzur dəhlizi işə düşəndən sonra türk dünyası birləşəcək və əlaqələrimiz daha da artacaq. Azərbaycanın Şuraya rəhbərliyi pandemiya dövrünə düşsə də üzv dövlətlər arasında təcrübə mübadiləsi, birgə mübarizə strategiyası hazırlamaq baxımından müstəsna rol oynadı. Bu baxımdan doğurdan da Azərbaycanın Türk Şurasına rəhbərliyi nəticə etibari ilə bu qurumun daha da möhkəmlənməsinə təkan verib. Həmçinin say tərkibinin genişlənməsinə gətirib çıxarıb. Prezident doğru olaraq qeyd etdi ki, türk dövlətlərinin birliyi təbii əsaslara söykənir. Çünki ilk növbədə bizi milli dəyərlər, tarix birləşdirir. Bizim ümumi qəbul etdiyimiz dəyərlər sistemi var və onlar bizi birləşdirir. Çətin məqamlarda hər zaman bir yerdə olmağı bacarırıq. Prezident qeyd etdi ki, biz bundan sonra türk dövlətləri arasında əməkdaşlıq mühitini daha da möhkəmləndirməliyik. Bu əməkdaşlığın çox böyük gələcəyi var. Ona görə ki, bu dövlətləri ortaq tarixi dəyərlər birləşdirir”.
Millət vəkili onu da qeyd etdi ki, Zəngəzur dəhlizi türk dövlətlərinin gələcəyi üçün yeni imkanlar açır. Bu da nəticə etibari ilə türkdilli dövlətlər arasında iqtisadi-siyasi, humanitar, elmi-texniki sahələrdə əməkdaşlıq üçün geniş imkanlar yaradır.
Vidadi ORDAHALLI