Məlum olduğu kimi, Avropa Birliyi müxtəlif bəhanələrlə Türkiyənin həmin quruma üzv olmaq istəyinə müsbət cavab vermir. Qurumun gətirdiyi arqumentlərdən aydın görünür ki, Türkiyəyə qarşı ikili standartlar tətbiq edir. Avropa Birliyi (AB) Kiprdəki mübahisəli sularda qazma işlərinə görə Türkiyəyə qarşı sanksiyaları bir il müddətinə uzadıb. Bu barədə AB-nin xarici siyasət xidmətinin yaydığı bəyanatda deyilir: “Türkiyənin Aralıq dənizinin şərqində qeyri-qanuni qazma fəaliyyətinə cavab olaraq Avropa Şurası sanksiyaların 1 il müddətinə uzadılmasına qərar verib”.
Göründüyü kimi, AB Türkiyə ilə bağlı qərəzli münasibətini davam etdirir. Bugünlərdə Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər TV”-nin canlı efirində Türkiyə Avropa Birliyi münasibətlərinə dair maraqlı bir fakt səsləndirib. Partiya sədri bildirib ki, Avropa Birliyi Türkiyəni quruma əsas namizədlərin olduğu qrupdan çıxararaq, başqa bir qrupa əlavə edib. Bu məsələyə tam aydınlıq gətirmək üçün Abutalıb Səmədovun özü ilə əlaqə saxladıq. O bizimlə söhbətində bildirdi ki, son illər Türkiyə ilə Avropa Birliyi arasında üzvlük məsələləri donmuş vəziyyətdədir: “Avropa Birliyi Türkiyənin quruma üzlüyünü ləngitmək üçün əlindən gələni edir. Türkiyə rəhbərliyi buna etiraz əlaməti olaraq çox kəskin bəyanatlar verib. Hətta 2015-ci ildə Ərdoğan dedi ki, onları Avropa Birliyinə üzvlük qəti maraqlandırmır. Sonralar da belə kəskin bəyanatlar verildi. Yenə də 2017-ci ildə Ərdoğan Avropa Birliyinə üzv olmaq istəyini dilə gətirdi və dedi ki, quruma üz olmaq Türkiyənin strateji hədəfidir. Ancaq Türkiyəyə qurumun olduqca ədalətsiz münasibəti var. Bilirsiniz ki, namizəd ölkələrlə danışıqları Avropa Komissiyası aparır. Onlar əlindən gələni edirdi ki, proses yubansın. Türkiyə “Balkan ölkələri” qrupuna daxil idi. Orada əsas namizədlər vardı. Bu ilin sentyabr ayında Avropa Birliyi Komissiyası özünün qonşuluq və genişlənmə müzakirələri baş direktorluğunun strukturunu dəyişdi. Türkiyə əvvəl yer aldığı qrupdan çıxarıldı və əvvəllər “Orta Şərq - Cənubi Afrika” adlanan qrupa daxil edildi. Bunun üçün də həmin qurupun adını dəyişib, etdilər “Cənub qonşuları və Türkiyə”. Təsəvvür edin, Türkiyəni Avropaya çoğrafi aidiyyəti olmayan ölkələrlə eyni qrupa daxiı ediblər. Hələ ki, Türkiyə üzvlükdən çıxarılmayıb. Həmin statusu saxlayır. Ancaq “Balkan ölkələri” qrupundan çıxarılması Türkiyənin namizəd kimi yox, mühüm tərəfdaş kimi təqdim olunmasına əsas verir. Açıq-aşkardır ki, Türkiyənin yaxın 10 ildə quruma üzv olacağına ümid etmək çox yersizdir. Onlar deyir ki, Türkiyə ilə əsas müzakirə qaçqınlarla bağlı olacaq. Avropanın Türkiyəyə münasibəti belədir. Açıq etiraf etməliyik, Avropa Birliyi demokratik qurumdan daha çox xristian birliyini xatırladır. Onlar əvvəl müsəlman Türkiyənin ora daxil olmasına örtülü şəkildə mane olurdularsa, indi açıq şəkildə bu siyasəti aparırlar. Bununla Avropa Birliyi Türkiyəyə olan əsl münasibətini ortaya qoymuş oldu”.
Məhəmmədəli QƏRİBLİ