İndi də Azərbaycanın komando birlikləri yaratması və Türkiyənin bununla bağlı yaxından yardım etməsu Ermənistanı dəli edib. Erməni tərəfi bunu özləri üçün ciddi təhlükə hesab edir. Həmişə olduğu kimi, bu məsələdə də Rusiyanı ittiham edirlər.
Sözügedən məsələlərlə bağlı erməni mediası yazır ki, Azərbaycan öz ordusunu dünyanın ən güclü ordularından biri olan Türkiyə ordusu səviyyəsinə çatdırır: “Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birgə mətbuat konfransında vurğulayıb ki, operativ komando briqadalarının hərbçiləri Türkiyədə təlim keçir və Azərbaycana qayıtdıqdan sonra ən mühüm birləşmələrdə xidmətini davam etdirir. Düşmən öz ordusunu gücləndirir, onu dünyanın ən güclü ordularından sayılan Türk Ordusu səviyyəsinə çatdırır. Bu isə açıq şəkildə, çəkinmədən və dünya güclərinin qəzəbinə tuş gəlməkdən qorxmadan edilir”.
Daha sonra qeyd edilir ki, məntiqlə, hərbi bazaları Ermənistanda yerləşən Rusiya Türkiyənin bu cür addımlarına cavab verməyə borcludur: “Çünki onlar da buna uyğun olaraq Türkiyə-Azərbaycan hərbçilərinin silahı altında ola bilərlər. Bundan əlavə, Rusiya “strateji müttəfiqimiz” statusundan rəsmən imtina etməmiş kimi görünür. Belə olan halda Ankaranın gördüyü işlərin fonunda Ermənistanı dəstəkləmək üçün real addımlar haradadır?!”
Yenə də ermənilər rusların arxasında gizlənib öz mənfur əməllərini reallaşdırmaq istəyirlər. Maraqlıdır, Ermənistan Azərbaycanın yaratdığı komando birliklərindən niyə bu qədər narahatdır?
“Anlayırlar ki, Azərbaycan ordusunu möhkəmləndirdikcə Ermənistan heç vaxt ərazilərimizi işğal edə bilməyəcək”
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert İbrahim Rüstəmli bunu bir sıra amillərlə əlaqələndirdi: “Prezident İlham Əliyev çıxışlarının birində qeyd etdi ki, biz nəinki XXI əsrin, XXII əsrin müharibəsinə hazır olmalıyıq. Bu yanaşma yalnız bugün üçün deyil, gələcək nəsillər üçün çox ciddi və əhəmiyyətli bir mesajdır. Bu, daima bizim üçün prioritet olmalıdır. Ən azından ona görə ki, erməni kimi məkrli bir qonşumuz var. Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, burada bir sıra böyük güclərin maraqları toqquşur. Komando birlikləri son dərəcə güclü və çevik birləşmələr hesab olunur. Türkiyənin sözügedən birliklərin yaradılmasında çox böyük təcrübəsi var. Xüsusən də dağlıq ərazilərdə döyüşlərin aparılması baxımından sözügedən birliklər daha uyğundur. Azərbaycanın Ermənistanla olan sərhədlərinin böyük hissəsi dağlıq ərazilərdən keçir. Ermənistan bütün bunların fərqində olduğuna görə çox narahatdır. O üzdən belə hay-həşir salıblar. Başqa bir tərəfdən, Azərbaycanla Türkiyə hərbi, strateji müttəfiqdir. İki ölkə arasında hərbi-strateji əməkdaşlıq barəsində müqavilə var. Hüquqi baxımdan Azərbaycan kiməsə qarşı bir addım atmayıb. Məgər Azərbaycan Ermənistan ərazisinə müdaxilə edib ki, ermənilər bu qədər narahatdır? Xeyr. Sadəcə, ermənilər anlayırlar ki, Azərbaycan ordusunu möhkəmləndirdikcə Ermənistan heç vaxt ərazilərimizi işğal edə bilməyəcək. Bax, budur məsələnin kökündə dayanan faktor. Bütün bunların alınmadığını görən Ermənistan Rusiyanı qızışdırıb Türkiyə ilə üz-üzə qoymağa çalışır”.
Hərbi ekspert onu da vurğuladı ki, Ermənistanın bu yöndə cəhdləri alınmayacaq.
Vidadi ORDAHALLI