Parisdə UNESCO-nun Baş Konfransının 41-ci sessiyası keçirilir. Noyabrın 24-ə qədər davam edəcək 41-ci sessiyanı ekspertlər bir qədər fərqli dəyərləndirir. Hesab edirlər ki, UNESCO-nun bu sessiyasında daha gərgin, daha rəngarəng, daha həyəcanlı məqamlar izləniləcək.
Yeri gəlmişkən bildirək ki, Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramov da sessiyada iştirak etmək üçün Parisə gedib. UNESCO-nun Baş Konfransının 41-ci sessiyasında Azərbaycan həqiqətlərinin bir daha dünyaya bəyan edilməsi istiqamətində yeni bir imkan açıldığı gizlin deyil. Doğrudur, Azərbaycan dövləti ən yüksək səviyyələrdə Ermənistanın cinayətlərini ifşa edib və etməkdə də davam edir. UNESCO tribunasından Ermənistanın törətdiyi müharibə cinayətlərinin, maddi-mədəni irs soyqırımlarının ifşa edilməsi yerinə düşəcək. Faktiki olaraq, UNESCO Azərbaycana qarşı həmişə ikili yanaşma sərgiləyib və özünü daha çox Ermənistanın tərəfdarı kimi göstərib. Bu özünü həm 44 günlük müharibədən əvvəl, həm müharibə zamanı, həm də postmüharibə dövründə ciddi şəkildə büruzə verib ki, UNESCO Azərbaycanla bağlı gedən proseslərə ikili standarlarla yanaşıb. Prezident İlham Əliyev dəfələrlə xarici KİV-ə müsahibələrində, müxtəlif yüksək səviyyəli görüşlərdə, eləcə də bu il avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş resident-əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən UNESCO-nun Azərbaycanın çağırışlarına göstərdiyi münasibəti vurğulayıb: “Sözsüz ki, bizim BMT institutları ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyacımız var. Bildiyiniz kimi, UNESCO ilə də təmasdayıq. Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bilmirəm bunu bilirsiniz ya yox biz, bir neçə il bundan öncə, hələ işğal dövründə, UNESCO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik. Çünki ATƏT-in Minsk Qrupu işğal olunmuş ərazilərə artıq iki faktaraşdırıcı missiya göndərmişdi. Biz onlardan yenidən bir missiya göndərməyi xahiş etdik, lakin onlar göndərmədilər. Biz UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər. UNESCO rəsmiləri dedilər ki, UNESCO siyasi məsələlərə qarışmır. Lakin müharibə bitdikdən sonra UNESCO tərəfindən onların gəlmək istədiyinə dair siqnallar aldıq. Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki, demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər. Buna görə biz buna razılaşdıq və mənim də bildiyim qədər, son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir. Buna görə yenə də missiya gecikir...”
2020-ci il dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı qeyd etdi ki, Azərbaycan 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət edərək işğal olunmuş ərazilərimizdə məscidlərimizin və tarixi abidələrimizin işğalçı Ermənistan tərəfindən dağıdıldığını, erməniləşdirildiyini bildirib. Lakin UNESCO bir dəfə də olsun missiya göndərməyib. 30 il Azərbaycanın missiya ilə bağlı çağırışlarına cavab verməyib. Azərbaycanın dəfələrlə rəsmi səviyyədə UNESCO-ya çağırış etməsinə baxmayaraq, o zaman işğalda olan Azərbaycan ərazilərinə missiya göndərmədiyi halda, müharibə bitdikdən sonra Ermənistanın yalançı hay-küyünə uyub bölgəyə missiya göndərmək istəyir. Guya ki, Qarabağda “erməni irsi” varmış və “erməni irsi” də “dağılmaq, məhv olmaq” təhlükəsi altında qalıb və UNESCO bölgəyə gəlmək üçün cəhdlər edir. Əgər UNESCO həqiqətən bu məsələyə obyektiv yanaşırdısa, bəs onda Azərbaycanın rəsmi səviyyədə çağırışlarına niyə reaksiya vermədi? İndi marağı nədir ki, Ermənistanın saxtalığına inanıb bölgəyə missiya göndərmək istəyir? Heç nə baş verməyib, amma UNESCO bölgəyə gəlmək istəyir. Bununla belə, Azərbaycan UNESCO-nun azad edilmiş ərazilərə missiya göndərməsinə etiraz etməyib.
Bildirək ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bir neçə ay əvvəl AZƏRTAC-a müsahibəsində UNESCO-nun Azərbaycana ikili standartlarla yanaşmasının səbəblərinə izah vermişdi: “...Ermənistanın qanunsuz əməllərini araşdırmaq və qarşısını almaq məqsədilə Azərbaycan dəfələrlə UNESCO missiyasının işğal olunmuş ərazilərimizə göndərilməsi təklifi ilə çıxış edib. İşğalçı dövlət olan Ermənistan isə qeyri-konstruktivlik nümayiş etdirərək Azərbaycanın UNESCO missiyası ilə bağlı bütün çağırışlarının qarşısını alıb. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz əməlləri barədə beynəlxalq ictimaiyyət, o cümlədən UNESCO bütün bu illər ərzində davamlı şəkildə məlumatlandırılıb. Bu məqsədlə bir sıra nəşrlər hazırlanıb. Məsələn, 2007-ci ildə “Azərbaycana qarşı müharibə - mədəni irsə hücum” adlı kitab hazırlanıb və UNESCO-ya təqdim edilib. Bu kitabda ölkəmizin işğal edilmiş ərazilərində Ermənistan tərəfindən dağıdılmış mədəni və dini abidələrin siyahısı, onların qəsdən erməniləşdirilməsi, Alban kilsələrinin erməni kilsələri kimi təqdim edilməsi barədə geniş məlumatlar yer alıb. Amma UNESCO tərəfindən adekvat reaksiya verilmədi. Hələ 2008-ci ildə UNESCO-nun o zamankı Baş direktoru Koişiro Matsuuranın ölkəmizə səfəri zamanı Azərbaycan tərəfi belə bir missiyanın təşkil olunmasını təklif etmişdi. O zaman Baş direktor məsələni izlədiklərini və missiyanın vaxtı haqqında dəqiq fikir söyləyə bilmədiyini qeyd etmişdi. Yadımdadır, Xarici İşlər Nazirliyində mətbuat xidmətinin rəhbəri olduğum zaman bu mövzu ilə bağlı bir sıra açıqlamalarla çıxış etmişdim. 2015-ci ildə müsahibələrin birində qeyd etmişdim ki, Azərbaycan UNESCO-nu ölkəmizin işğal olunmuş ərazilərində maddi-mədəni irsin dağıdılması hallarını araşdırmaq və monitorinq aparmaq üçün missiya göndərməyə dəvət edir. Amma Ermənistan bu missiyanın həyata keçirilməsinə imkan vermir. Çünki missiya həyata keçiriləcəyi təqdirdə, işğal olunmuş ərazilərdə xalqımıza aid maddi-mədəniyyət abidələrinə qarşı vandalizm halları sənədləşdiriləcək və beynəlxalq ictimaiyyətə təqdim olunacaq...Odur ki, rəsmi Yerevan indi timsah göz yaşları tökmək və siyasi möhtəkirliklə məşğul olmaq əvəzinə, UNESCO missiyasına nəyə görə imkan vermədiyinə aydınlıq gətirməlidir. Təəssüf ki, UNESCO da bu məsələdə prinsipiallıq, qətiyyət nümayiş etdirmədi, hətta bəyanat belə vermədi...”
H.Hacıyev sözügedən müsahibəsində qeyd edirdi ki, işğal edilmiş ərazilərimizdə muzey eksponatları, əlyazmalar, xalçalar, tarixi zinət əşyaları Ermənistan tərəfindən qanunsuz olaraq daşınıb, mənimsənilib və xaricə satılıb. “Məsələn, məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın Şuşadakı ev muzeyi dağıdılıb və muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq talan edilib. Ağdamdakı məşhur Çörək muzeyi dağıdılıb. Bir çox dəyərli Qarabağ xalçaları Ermənistana aparılıb və xaricə satılıb. Dünya əhəmiyyətli arxeoloji abidə olan Azıx mağarasında və Ağdamda Ermənistan tərəfindən qanunsuz arxeoloji qazıntılar aparılıb və dəyərli tapıntılar Ermənistana daşınıb. Faktiki olaraq, Ermənistan dövlət səviyyəsində vandallıq, talançılıq, soyğunçuluq siyasəti həyata keçirib...Ermənistanın bu kimi addımları beynəlxalq humanitar hüququn, xüsusilə “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-ci il Haaqa Konvensiyasının və UNESCO-nun “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasının kobud şəkildə pozulmasıdır...”
Qeyd etdiyimiz kimi, Parisdə keçirilən 41-ci sessiyada diqqət çəkən məsələlərdən biri də odur ki, Ermənistan ilk dəfə olaraq 2021-2025-ci illər üçün UNESCO-nun İcraiyyə Şurasının üzvlüyünə namizədliyini irəli sürüb. 41-ci sessiyada Ermənistanın İcraiyyə Şurasının üzvü seçilməsi məsələsi gündəmdədir. Ermənilər, erməni lobbisi, UNESCO-daki ermənipərəstlər canı-dildən buna çalışır ki, Ermənistan üzv seçilsin. Ermənistan üzv seçilmək istəyir, amma bu ölkənin indiyə qədər Azərbaycanın maddi-mədəni irsinə qarşı törətdiyi cinayətlər, soyqırımlar, vandalizm aktlarına UNESCO tərəfindən heç bir münasibət bildirilmədiyi halda, Ermənistan İcraiyyə Şurasına üzv qəbul edilərsə, yaxud seçilərsə, bu, ikili standartların növbəti təzahürü olardı. Hesab edirik ki, UNESCO bu həssas məsələyə xüsusi diqqət yetirməlidir. Yəni Ermənistanın Azərbaycan ərazilərində törətdiyi maddi-mədəni, dini cinayətlərə əvvəlcə qiymət verməlidir, bundan sonra Ermənistanın İcraiyyə Şurasına qəbul olunması istiqamətində iş gedə bilər. Azərbaycan rəsmən dəfələrlə UNESCO-nu ikili standartlarda ittiham edib, bu yandan Ermənistan namizdəliyini verir və seçiləcəyi günü gözləyir. UNESCO bu vəziyyətdə ikili yanaşmanı kənara qoyub ədalətli qərar qəbul etməli və Ermənistanın məsuliyyətini ona başa salmalı, indiyə qədər etdiyi Azərbaycana qarşı ikili standartlardan, Azərbaycanla Ermənistanın məsuliyyətini bərabərləşdirməkdən, eyniləşdirməkdən əl çəkməlidir. Azərbaycan tərəfi dəfələrlə sual edib ki, UNESCO-nun məqsədi Qarabağdakı mədəni irsin qayğısına qalmaq idisə nə üçün müharibədən əvvəl müsəlman məscidləri erməni vandalizminə məruz qalanda, dağıdılanda, təhqir ediləndə UNESCO missiya göndərməkdən yayındı, amma indi erməni yalanlarına uyub addım atmaq istəyir? Bütün bu sualların UNESCO tribunasından da səsləndiriləcəyi şübhəsizdir. Azərbaycan nümayəndələrinin, xüsusən də XİN başçısının sessiyaya qatılması, çıxış etməsi, sessiya çərçivəsində görüşlər keçirməsi Ermənistanın Azərbaycan əleyhinə cəhdlərinin qarşısına ciddi sədd çəkməklə yanaşı, eyni zamanda UNESCO-nun, nəhayət ki, bizə qarşı mövqeyində dəyişiklik yarada bilər. Həmçinin Azərbaycanın rəsmi səviyyədə tədim etdiyi faktların, səsləndirdiyi arqumentlərin də Ermənistanın və Ermənistanpərəstlərin tərksilah olunmasına gətirib çıxaracağı şübhə doğurmur.
İradə SARIYEVA