Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında atəşkəs bəyanatının imzalanmasının ildönümü ilə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd edilir ki, bu həftə ABŞ və beynəlxalq ictimaiyyət Cənubi Qafqazda Ermənistan və Azərbaycan qüvvələri arasında 44 gün davam edən gərgin döyüşlərə son qoyan atəşkəs bəyanatının ildönümünü qeyd edir: “Ötən il hərbi əməliyyatlar zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz hazırda bütün saxlanılan şəxslərin qaytarılmasına, itkin düşmüş şəxslərlə bağlı tam hesabatlılığa, məcburi köçkünlərin öz evlərinə könüllü qayıtmasına, münaqişədən zərər çəkmiş ərazilərin minalardan hərtərəfli təmizlənməsinə və beynəlxalq humanitar təşkilatların ehtiyacı olanlarla əlaqə saxlaması üçün şərait yaradılmasına çağırırıq. Biz, həmçinin, iddia edilən insan hüquqlarının və beynəlxalq humanitar hüququn pozulması hallarının araşdırılmasına çağırırıq. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təşviqinə sadiqdir. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri bürosu müavininin köməkçisi Erika Olson hazırda hər üç ölkə ilə ikitərəfli məsələləri müzakirə etmək və regional əməkdaşlıq imkanlarını araşdırmaq üçün regiondadır. Biz Ermənistan və Azərbaycanı, Minsk Qrupu həmsədrlərinin himayəsi də daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya münaqişədən irəli gələn bütün həll edilməmiş məsələlərin hərtərəfli həlli üçün əlaqələrini davam etdirməyə və intensivləşdirməyə çağırırıq”.
Göründüyü kimi, ABŞ-ın 10 noyabır razılaşmasının bir illiyi ilə bağlı bəyanatında bir sıra ziddiyətli məqamlar öz əksini tapıb. O baxımdan sözügedən bəyanata münasibət necədir?
“Məsələnin mənfi tərəfi odur ki, Birləşmiş Ştatlar Minsk Qrupunun yenidən canlandırılmasını istəyir”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, ABŞ-ın bəyanatında əksini tapan bütün məqamlara birmənalı prizmadan yanaşmaq mümkün deyil: “Çünki bəyanatda Azərbaycanın maraqlarına uyğun olmayan məqamlar var. Düzdür, orada əksini tapan bəzi məqamlarla razılaşmaq olar. Məsələn, bəyanatda qeyd edilir ki, Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təşviqinə sadiqdir. Bu bizim və regionun mənafeyinə uyğundur. Sabitlik regional inkişafa təkan verə bilər. O cümlədən, məcburi köçkünlərin öz evlərinə qayıtması və minalanmış ərazilərin təmizlənməsi ilə bağlı çağırışlar ədalətli sayıla bilər. Ancaq digər məqamlarla bağlı ABŞ tərəfi təhrifə yol verib. Məsələ ondadır ki, ABŞ erməni diversantları saxlanılan şəxs kimi təqdim edir və onların azad olunmasını istəyir. Halbuki, həmin şəxslər hərbi əsir deyil. Onlar 10 noyabr razılaşmasından irəli gələn məqamları pozaraq Azərbaycan ərazisinə daxil olublar. Bu isə cinayətdir. Təəssüflər olsun ki, ABŞ bunu nəzərə almaq istəmir. Bəyanatın digər mənfi tərəfi odur ki, Minsk Qrupunun yenidən canlandırılması ilə bağlı xüsusi çağırış edilir. Baxmayaraq ki, Minsk Qrupunun 30 ilə yaxın vasitəçilik missiyası fiasko ilə nəticələndi. Yəni özünü doğrultmadı. Belə olan halda hansı vasitəçilikdən söhbət gedə bilər? Başqa bir tərəfdən, Dağlıq Qarabağ münaqişəsi müharibədən sonra bitdiyi halda, ABŞ yenidən münaqişənin tənzimlənməsindən danışır. Bu o deməkdir ki, ABŞ münaqişənin bitmədiyini hesab edir. O baxımdan Birləşmiş Ştatların müharibənin bitməsinin bir illiyi ilə bağlı bəyanatına birmənalı prizmadan yanaşmaq mümkün deyil”.
Partiya sədri hesab edir ki, ABŞ fövqəldövlət olaraq Qarabağ məsələsində ədalətli mövqe ortaya qoymalıdır.
Vidadi ORDAHALLI