“İravnuk” nəşrinin yaydığı məlumata görə, Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanla Serj Sarkisyan Xankəndiyə gəlib. Onlar noyabrın 7-də 93 yaşında ölən Serj Sarkisyanın anası Nora Sarkisyanın dəfn mərasimində iştirak ediblər.
Bəzi ekspertlərin irəli sürdüyü versiyalara görə, əslində, yas hər iki şovinst sabiq prezident üçün Qarabağa gəlməyə bir bəhanə olub. Versiyalara görə, yasdan əlavə onlar ora “Arsax” “ordusunun hazırlığını” “yoxlamağa” gəliblər.
Ekspertlər deyir ki, Azərbaycanın Qarabağ müharibəsində qazandığı zəfərin bir illiyini qeyd etdiyi ərəfədə revanşizimin əsas “ilham qaynağı” olan Köçəryanın və Sarkisyanın Xankəndidə peyda olması təsadüfi deyil. Onların sözlərinə görə, bu ərəfələrdə Ermənistanın indiki müdafiə nazirinin də Xankəndidə görünməsi Ermənistanda revanşistlərin məqsədlərini ortaya qoyur.
Köçəryan və Sarkisyan Rusiya sülhməramlılarının gözləri qarşısında Xankəndiyə gəlir, onlar da buna şərait yaradırlar. Ekspertlərin sözlərinə görə, söhbət onların hansı məqsədlə gəlməsindən getmir, onların Azərbaycan dövlətinin ərazisinə bizim dövlətimizdən icazə almadan səfər etməsindən və sülhməramlıların buna şərait yaratmasından gedir. Hətta ehtimallardan biri də odur ki, onlar Xankəndiyə separatçılara “qaz verməyə” gəliblər. Belədirsə, onda onlar Qarabağa niyə buraxılıb?
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, həm Köçəryanın, həm də Sarkisyanın Qarabağa buraxılması da, ora səfər etməsi də qanunsuzdur. V.Abışov hesab edir ki, Qarabağ Zəfərinin bir illiyi ərəfəsində daşnak Köçəryanla daşnak Sarkisyanın Qarabağa gəlməsinin səbəbini bir neçə amillə izah etmək olar. V.Abışov qeyd edir ki, ölkə başçısının təbirincə desək, Azərbaycan ordusu Köçəryan-Sarkisyan ordusunu diz çökdürüb, darmadağın edib, “qüdrətli, yenilməz ordu” mifini sındırıb, məhv edib. “Əlbəttə, bunun bir adı var: Azərbaycanın dövlət sərhədinin pozulması. Bir çox hallarda, tarixdə belə hadisələr iki dövlət arasında böyük narazılıqlara gətirib çıxarıb. Mənim fikrimcə, belə hal rəsmən təsdiqlənibsə, onda Azərbaycan dövləti dərhal Ermənistan dövlətinə nota göndərməlidir... Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, yasdan əlavə Köçəryan və Sarkisyanın Xankəndiyə səfər etməsinin arxasında çox məkrli niyyətlər dayana bilər. Azərbaycanın qələbəsi onları elə sarsıdıb ki, hər cür təxribat törətməklə “öz varlıqlarını sübut etmək” istəyirlər. Amma bu faydasızdır.
Yadınızdadırsa, cənab Prezident dəfələrlə açıq bəyan edib ki, Azərbaycan Sarkisyan-Köçəryan ordusunu məğlub etdi. Bəli, Azərbaycan Köçəryan-Sarkisyan ordusunu məhv edib, dağıdıb. Azərbaycan Köçəryan-Sarkisyan ordusunu elə diz çökdürüb ki, nə qədər cəhdlər edilsə də, o bir daha ayağa dura, dirçələ bilməz...” - deyə V.Abışov qeyd etdi.
“Arsax” deyilən bir qurumun olmadığını qeyd edən tarixçinin sözlərinə görə, separatçı tör-töküntüləri baş qaldırarsa, öz layiqli cavablarını alacaqlar - “Dəmir yumruq” onları əzəcək.
İradə SARIYEVA