Prezident İlham Əliyev ölkəmizin ev sahibliyi etdiyi VIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycanın həm siyasi, həm də iqtisadi sahədəki etibarından danışıb. Ölkə başçısı çlxışını bu notlarla tamamlayıb:
“…Vaxtınızı çox almayaraq, digər sonuncu məsələni də qeyd etmək istərdim, çünki o, ötən ilin kölgəsində qalan məsələ oldu. Lakin o, tək bizim üçün deyil, bütün region üçün əhəmiyyətlidir. Bu, Cənub Qaz Dəhlizinin tikintisinin başa çatdırılmasıdır. 2020-ci il dekabrın 31-də həmin layihənin sonuncu hissəsi – Transadriatik boru kəməri istismara verilmişdir. Bu, Azərbaycan, qonşularımız və Avropa üçün həqiqətən tarixi nailiyyətdir, çünki o, Avropanın enerji təhlükəsizliyinin mühüm meyarıdır. O, şaxələndirmənin mühüm alətidir. Cənub Qaz Dəhlizinə gəldikdə isə, söhbət nəinki marşrutların, o cümlədən mənbələrin şaxələndirilməsindən gedir. Azərbaycanın böyük qaz ehtiyatlarına söykənən təbii qazın yeni mənbəyi artıq Avropa bazarındadır. Bu il yanvarın 1-dən etibarən oktyabrın 31-dək, yəni on ay ərzində Azərbaycan bu marşrutla 14 milyard kubmetrdən çox təbii qazı beş ölkəyə ixrac edib - Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstan. Bu həcmin təxminən yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə edilmişdir. Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə nə qaz böhranı, nə qiymət böhranı və nə də soyuqdan donma var. Bu, göstərir ki, Cənub Qaz Dəhlizi Avropa üçün əsl enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan məsuliyyətli ölkə, hasilatçı və ixracatçı kimi, – hazırda tək nefti deyil, qazı da ixrac edirik, – gələcəkdə enerji təhlükəsizliyi məsələlərində çox mühüm rol oynayacaq”.
Göründüyü kimi, ölkə başçısı bildirib ki, bizim qaz göndərdiyimiz ölkələr qiymət böhranı yaşamır. Bununla Prezident nəyə işarə etmək istəyib?
Beynəlxalq idarəetmə üzrə ekspert, iqtisadçı Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın xarici siyasətində enerji amili öz əhəmiyyətli mövqeyini qorumaqda davam edir: “Azərbaycanın enerji siyasəti uzun illər boyunca əsasən konkret hədəflərə yönəldib. Azərbaycan bu siyasətlər nəticəsində hazırda öz enerji təhlükəsizliyini təmin edə bilir, eləcə də bəzi digər dövlətlərin enerji təhlükəsizliyində də əsas rollardan birini oynayır. Enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır. Bu səbəbdən enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi Azərbaycan kimi istehsalçı ölkə, həmçinin tranzit və istehlakçı ölkələr üçün eyni dərəcədə vacibdir. Azərbaycanın təşəbüskarı olduğu layihə çərçivəsində il ərzində hasil edilən 16 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılır. Göründüyü kimi, Azərbaycan hasil etdiyi təbii qaz həcmlərini Avropanın getdikcə artmaqda olan enerji tələbatının təminatına yönəltməyə, bu məqsədlə nəqliyyat marşrutlarının diversifikasiyasının tərəfdarıdır. Cənub Qaz Dəhlizinin reallaşmasında qabaqcıl layihələrdən biri TANAP layihəsidir. Bir çox mütəxəssis bu layihəni Azərbaycanın ən mühüm enerji layihəsi hesab edir. Demək olar ki, TANAP Azərbaycanın Avropanın enerji bazarlarına inteqrasiyası, eləcə də təhlükəsiz tranzit dövlət kimi öz mövqeyini möhkəmləndirməsi üçün ən böyük imkandır. Uzunmüddətli perspektivdə layihə ölkənin təbii qaz ixracını ildə 8.1 milyard kubmetrdən təqribən 24 milyard kubmetrə kimi artıracaq. TANAP layihəsinin köməyi ilə Türkiyə illik 5% istehlak həcminə malik olan zəif qaz ehtiyatı problemini həll etməyə bir addım da yaxınlaşacaq, bu göstərici Avropa ölkələrində 20-30%-ə bərabərdir. Biz görürük ki, bəzi ölkələr qaz amilindən siyasi şantaj vasitəsi kimi istifadə edir. Bunun da nəticəsində idxalçı ölkələrin iqtisadiyyatında geriləmə müşahidə olunur. Çünki Avropa ölkələrinin iqtisadiyyatı qazdan asılı vəziyyətdədir. Ölkə başçısının fikirində bu nəticə çıxır ki, enerji təminatçısı olduğumuz ölkələrə qazın verilişində fasilə olmayıb. Təbiidir ki, bu amil də onların iqtisadiyyatındakı stabilliyi qoruyur, qiymət artımına imkan vermir”.
Məhəmmədəli QƏRİBLİ