“Biz qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdənik”. Bunu Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: “Bu bizim qlobal məsələlərin müzakirəsinə olan töhfəmiz idi. Eyni zamanda, biz BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərlə bərabər və universal çıxış və peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs irəli sürdük. Biz qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdənik. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır. Beləliklə, biz bərabər imkanların yaradılması üçün bu məsələni müzakirə etməliyik.
Bununla yanaşı, qeyd etmək istəyirəm ki, bizim təşəbbüsümüzlə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-ə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir”.
“Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumunda “peyvənd millətçiliyi” məsələsinə toxunması təsadüfi deyil”
Mövzu ilə bağlı fikir bildirən siyasi ekspert Azər Həsrət bildirdi ki, Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumunda “peyvənd millətçiliyi” məsələsinə toxunması təsadüfi deyil: “Xatırladım ki, 2020-ci ilin əvvəlində Azərbaycan dövləti pandemiyaya qarşı mübarizədə ön sırada yer almağa başladı. Azərbaycanın təşəbbüsü ilə bu məsələ bir sıra beynəlxalq tədbirlər müzakirə olunub. Prezident İlham Əliyev dəfələrdə qeyd edib ki, pulu çox olan dövlətlər bu məsələdə ayrıseçkiliyə yol verir, pandemiyaya qarşı mübarizədə peyvənd ziddiyyətçiliyi yaradır. Bu o deməkdir ki, kimin pulu varsa peyvənd alır, pulu olmayan ölkələr isə bu məsələdə arxa planda qalır. Məlumdur ki, bu gün kasıb Afrika ölkələri peyvend sarıdan əziyyət çəkir. Bu səbəbdən də Prezident İlham Əliyev təklif edir ki, imkanlı dövlətlər kasıb ölkələrə köməklik etsinlər. Ölkə başçısı İlham Əliyev “peyvənd millətçiliyi” dedikdə qeyd etdiklərimi nəzərdə tutur”.
Həmsöhbətimiz hesab edir ki, hazırki dövrdə “peyvənd millətçiliyi” qlobal problemdir.
Günel CƏLİLOVA