COVİD-19-dan sonrakı vəziyyətin 8-ci Qlobal Bakı Forumunun müzakirəsinə çıxarılması Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyanın ən ümdə problemlərinin əsas müzakirə platformalarından birinə çevrildiyini göstərən tutarlı faktdır.
8-ci Forum üçün məkan və platforma olaraq Bakının və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin seçilməsi təsadüf deyil və Azərbaycanın həm regionumuzda, həm də ölkə daxilində yaratdığı reallıqlara tamamilə uyğundur. Bu qərar Azərbaycanın beynəlxalq sülhyaratma və təhlükəsizlik prosesinə verdiyi real töhfələrlə bağlıdır, pandemiya ilə uğurlu mübarizənin milli və qlobal sferasında Azərbaycanın müəlliflik etdiyi real işlərlə bağlıdır, nəhayət Avropanın stabil enerji təminatında Azərbaycanın oynadığı alternativsiz rola uyğundur.
Forumun işinə qatılmış məşhur dövlət, siyasət və diplomatiya xadimlərinin Forumun panellərindəki çıxışları da bir daha sübut edir ki, Forumun Bakıda keçirilməsinin ciddi əsaslara malik olması yetərincə dərk edilir. Dünya liderləri Azərbaycan Prezidentinin qlobal və regional məsələlərin həllində təşəbbüskar mövqeyinə böyük önəm verir və hər bir ekstremal vəziyyətdən çıxış yollarının axtarışında İlham Əliyevin təklif və təşəbbüslərinə xüsusi ümidlə baxırlar.
Azərbaycan Prezidentinin Forumda çıxışı dünya üçün sülh, saglamlıq, ədalət və rifah hədəflərinə yetişməkdə Azərbaycanın nə qədər məqsədyönlü işlər gördüyünü bir daha göstərdi. Prezident Əliyev Azərbaycanın pandemiya ilə mübarizəsinin təkcə milli nailiyyət yox, həm də qiymətli təcrübə örnəyi kimi əhəmiyyətini yetərli səviyyədə izah etdi. Dünya bir daha bildi ki, Azərbaycan pandemiya ilə mübarizənin ən səmərəli mexanizmini yaratmış təşəbbüskar ölkədir. Dünya bilir ki, COVİD-lə uğurlu mübarizənin milli və qlobal mexanizmlərinin formalaşmasında İlham Əliyevin şəxsi təşəbbüskarlıq, təşkilatçılıq keyfiyyətləri və məsuliyyəti həlledici faktorlar oldu.
Dünya ilk dəfə olaraq bu həqiqəti duydu ki, Azərbaycan əsas təminatçı olduğu qaz bazarlarının iştirakçıları qarşısında maksimum məsuliyyətlidir və süni qiymət tərəddüdlərinin yaranmasına səbəb olan davranışlardan çox uzaqdır. Prezidentin nitqində özünə yer almış tezislər Azərbaycanın etibarlı tərəfdaş imicinin daha da möhkəmlənməsinə öz təsirini şübhəsiz göstərəcək.
Beynəlxalq hüququn prinsiplərinin selektiv qaydada tətbiqinin sülh üçün dağıdıcı təhlükə mənbəyi olduğu barədə Prezident Əliyevin Azərbaycan nümunəsində təqdim etdiyi təhlil və faktlar hələ bundan sonra da uzun müzakirələrin mövzusu olacaq.
İlham Əliyev müharibədən əvvəlki və sonrakı reallıqların məşhur dünya ziyalıları ilə geniş müzakirəsi üçün əhmiyyətli faktlar verdi. Ən vacib məqamlardan biri budur ki, Prezident İlham Əliyev Azərbaycanı təcavüzkarlıqda və müharibəyə başlamaqda suçlayan Ermənistan siyasətçilərinin arqumentlərini bütün dünyanın gözü qarşısında bir daha alt-üst etdi. Faktdır ki, hələ də dünyada erməni yalanlarına uyaraq Azərbaycanı guya Qarabağa təcavüz etməkdə suçlayan dairələr var. Prezident Əliyev növbəti dəfə sübut etdi ki, müharibənin səbəbkarı və təcavüzkar məhz Ermənistandır. Əliyevin çox aydın nesajları oldu ki, Ermənistan BMT qətnamələrini icra etmədiyi, status-kvonu saxlamağa çalışdığı və yeni ərazilərin işğalına cəhd göstərdiyinə görə müharibənin bütün fəlakətləri üçün məsuliyyət daşıyan tək tərəfdir.
Azərbaycan lideri müharibədən sonrakı sülh tələblərinə hərtərəfli hazırlığını bəyan etməklə Ermənistanın müharibədən sonrakı yalançı sülh çağırışlarını qəti şəkildə ifşa etdi.
İlham Əliyev 8-ci Forumdakı çıxışı ilə Azərbaycanın zorən müharibəyə məcbur edilmiş və heç bir müharibədə maraqlı olmayan dövlət imicinin nöhkəmlənməsinə böyük töhfə verdi .
Aydın QULİYEV