Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb.
Sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edir. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulacaq. Tədbir çərçivəsində keçiriləcək panel iclaslarda “COVID-19-dan sonra yaranan yeni dünya nizamı”, “Yeni dünya iqtisadiyyatı”, “Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları”, “İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması”, “Səhiyyə və insanların peyvənd edilməsi”, “Qida və qida təhlükəsizliyinin təşviqi”, “Gənclər danışır, biz dinləyirik”, “Şərq tərəfdaşlığı və onun imkanları” mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.
Maraqlıdır, belə bir nüfuzlu tədbirin məhz Bakıda keçirilməsinin səbəbləri nə ilə bağlıdır? Bunun paytaxtımızda keçirilməsini zəruri və mümkün edən amillər hansılardır?
“Pandemiyanın hökm sürdüyü bir dövrdə belə bir tədbirin keçirilməsi bir daha Azərbaycanın nüfuzundan xəbər verir”
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı mötəbər tədbirin Bakıda keçirilməsini bir sıra faktorlarla əlaqələndirdi: “Azərbaycanın son illər beynəlxalq aləmdə nüfuzu xeyli artıb. Xüsusən də 44 günlük müharibədən sonra. Bütün bunlar artıq dünyanın diqqətini Bakıya cəlb edir. Müharibədən əvvəl də Bakı bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. Çünki Azərbaycan müstəqil siyasət yeridir. Bir sözlə, Azərbaycan dünyada nüfuzlu və güclü dövlət kimi tanınır. Bakıda keçirilən tədbirlərin dünyada təsiri daha güclüdür. Pandemiyanın hökm sürdüyü bir dövrdə belə bir tədbirin keçirilməsi bir daha Azərbaycanın nüfuzundan xəbər verir. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu rəhbərliyi, dünya ölkələri ilə geniş əlaqələri və müharibədə qələbəsi ölkəmizə olan etimadı daha da artırıb. Bütün bunların nəticəsidir ki, o cür nufuzlu tədbir Bakıda keçirilir”.
Professor onu da qeyd etdi ki, bundan sonra belə tədbirlərin sayı daha çox olacaq.
Vidadi ORDAHALLI