Məlum olduğu kimi, Qlazqoda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası tərəflərinin konfransı (COP26) keçirilir. Tədbirə 196 ölkədən 25 mindən çox nümayəndə, o cümlədən 100-dən artıq dövlət və hökumət başçıları qatılıb. Konfransın başlıca məqsədi Paris sazişinin tətbiqi qaydalarını razılaşdırmaq, həmçinin sənədin icrası üçün ildə 100 milyard dollarlıq yardım paketini təsdiqləməkdir.
Sammitdə iştirak edən Ermənistan prezidenti Armen Sarkisyan çıxışı zamanı Azərbaycanın ünvanına sərsəm fikirlər səsləndirib və Bakını ittiham etməyə çalışıb. Onun sözlərinə görə, bir il əvvəl Qarabağ müharibəsi zamanı Azərbaycan guya qadağan olunmuş silah növlərindən istifadə edib, ətraf mühitə külli miqdarda ziyan vurub. Sarkisyanın həyasızlığı o həddə çatıb ki, o, beynəlxalq tribunadan 30 il Azərbaycanın işğal etdikləri torpaqlarında törətdikləri vəhşilikləri Azərbaycanın üzərinə atmağa çalışıb. Sanki 30 il Azərbaycan ərazilərini talayan, meşə yanğınlarının və ekoloji fəlakətin səbəbkarı Ermənistan yox, Azərbaycan imiş. Bir daha bəlli olur ki, erməni həyasızlığı sərhəd tanımır.
“Sarkisyan ekologiya sammitində bizi ittiham etməkdənsə, ötən il Kəlbəcərdə, Laçında və digər rayonlarda...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “Səs” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, Ermənistan prezidentinin Azərbaycana qarşı ekologiyanın çirkləndirilməsi ilə bağlı əsassız, sərsəm ittihamlar səsləndirməsi heç bir çərçivəyə sığmır: “Bu, eyni zamanda, İrəvanın simasızlığını, riyakarlığını, eləcə də qabaqdangəlmişliyini bir daha sübut edir. Bütün dünyanın Azərbaycanın ərazisi kimi tanıdığı Qarabağda və ətraf rayonlarda ekologiyanın, flora və faunanın məhvi siyasətini həyata keçirmiş Ermənistan prezidentinin belə bir yönsüz, məntiqsiz bəyanatı isə əslində Bakının İrəvanı ittiham etməsinə kifayət qədər zəmin yaradır. Nəinki ekologiyanın, bütövlükdə milli sərvətlərimizin üç onillik boyunca məhvi prosesinə görə Ermənistan beynəlxalq məhkəmə instansiyalarında cavab verməli, ekoloji terrorunun bədəlini ödəməlidir. Düşünürəm ki, biz beynəlxalq məhkəmələrdə danılmaz faktlarımızı ortaya qoymaqla tələblərimizə cavab verən qərarları görəcəyik və buna şübhə də yoxdur. Ortada işğaldan əvvəlki və sonrakı ərazilərimizi göstərən ekoloji xəritələr var. Bu xəritələr danılmaz sənəd olaraq təsbit edilib. O cümlədən, Oxçuçay və s. çaylarımıza, su mənbələrimizə zəhərli maddələrin axıdılmasından tutmuş meşələrimizin qırılmasına qədər bütün faktları hüquqi tələb olaraq məhkəmələrə təqdim edə bilərik. Bu proses artıq başlanıb və düşünürəm ki, bununla bağlı müvafiq qurum və təşkilatlarımız öz fəaliyyətlərini daha çevik aparacaqlar. Digər tərəfdən, Armen Sarkisyan ekologiya sammitində bizi ittiham etməkdənsə, ötən il Kəlbəcərdə, Laçında və digər rayonlarda qeyri-qanuni məskunlaşan ermənilərə həmin əraziləri tərk etmələri üçün verilmiş bir aylıq vaxt müddətində onların meşələri çapıb-talamaları, hətta daşlara qarşı terror törətmələri barədə düşünsün və bu faktlara cavablar axtarsın. Söz yox ki, yuxarıda da qeyd etdiyim kimi, onlar blef edirlər ki, bəlkə sərsəm ittihamları qeydə alınsın. Amma gördüyümüz kimi, Ermənistan prezidentinin səsləndirdiyi fikirlər sammitdə ümumiyyətlə ciddi qəbul olunmadı və bu dəfə də haqlı tərəf, ədalətli tərəf bizik”.
Politoloq onu da qeyd etdi ki, Ermənistan nəinki digər cinayətkar əməllərinə görə, həmçinin ekoloji terrorçuluğuna görə mütləq müvafiq cavabını alacaq və məsuliyyəti boynundan ata bilməyəcək.
Vidadi ORDAHALLI