Ermənistanda pasportlarla bağlı dəyişiklik təklifi Qarabağdakı separatçıların narazılığına səbəb olub. Məsələ ondadır ki, yeni dəyişikliyə əsasən, yeni pasportlarda bundan sonra doğum yeri kimi şəhər yazılması təklif olunur.
Qarabağ separatçıları isə hesab edirlər ki, bu, xarici ölkələrə gedəndə onlar üçün problem yarada bilər. Problem isə ondan ibarətdir ki, Qarabağ separatçıları xaricə Ermənistan vətəndaşları kimi viza alıb gedirlər. İndi, məsələn, Azərbaycanın Xankəndi şəhərində doğulan erməninin pasportunda doğum yeri “Stepanakert” yazılmış olsa, ona viza verilməyə bilər.
Artıq pasportlarla bağlı təklif yeni qanun layihəsində öz əksini tapıb. Layihə bu günlərdə Nazirlər Kabinetində təsdiqlənib. İndi parlamentdən keçməlidir. Separatçılar dəyişikliyə etiraz ediblər. Onlar hesab edir ki, hazırkı variant daha yaxşıdır. Bunu onunla əsaslandırırlar ki, ola bilsin, bəzi vətəndaşlar pasportda doğulduğu kəndi, şəhəri qeyd edəndə viza ala bilməsin. Layihənin müəllifi, pasport və viza idarəsinin keçmiş rəisi Mnatsakan Biçaxçiyan isə deyir ki, vətəndaşa ya yaşadığı, ya da doğulduğu yeri qeyd etdirməklə bağlı seçim veriləcək. Lakin bu, separatçıları qane etmir.
“Qarabağın müəyyən hissəsində hələlik mövcud olan separatçıların əl-qolu indidən bağlanır”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, separatçıların bundan narahat olmaları təsadüfi deyil: “Ən azından ona görə ki, Qarabağın müəyyən hissəsində hələlik mövcud olan separatçıların əl-qolu indidən bağlanır. Bundan sonra onların rahat şəkildə xaricə gediş-gəlişi çətinləşəcək. Bir il əvvəl, ümumiyyətlə, bu kimi məsələlər ermənilərin heç yadına da düşmürdü. Niyə? Ona görə ki, 30 ilə yaxın idi ərazilərimiz işğal altında idi. Hesab edirdilər ki, bu belə də davam edəcək. Separatçıların tanınmaması da onları qayğılandırmırdı. Çünki Ermənistan pasportu hesabına xarici ölkələrə rahat gedirdilər. İdman, mədəniyyət, bir sözlə müxtəlif “tədbirlər” adı altında separatçı qurumu təbliğ edirdilər. Ermənistan pasportu altında gizlənib təbliğat aparırdılar. Məlum olduğu kimi, 44 günlük müharibə həm hərbi, həm siyasi, həm də mənəvi nöqteyi-nəzərdən separatçıların belini qırdı. O üzdən, pasport dəyişikliyi zamanı Qarabağdakı ermənilər seçim etməlidir. Ya onlar pasportlarında doğum yeri kimi Xankəndi yazdıracaqlar ki, bu zaman onların xaricə səfəri qadağan ediləcək. Çünki Xankəndi de-fakto Bakının nəzarətində olmasa da, beynəlxalq birlik de-yure onu Azərbaycan şəhəri hesab edir. Doğum yeri kimi Ermənistanın yazılması bizim xeyrimizədir. O mənada ki, bu minvalla ermənilər Qarabağla birdəfəlik vidalaşacaqlar. Separatçılar da bütün bunların fərqində olduqları üçün çox narahatdılar”.
Partiya funksioneri hesab edir ki, ermənilərin ən optimal çıxış yolu separatçılıqdan əl çəkməkdən keçir.
Vidadi ORDAHALLI