1982-ci ildə ABŞ-ın Los-Anceles şəhərində Türkiyə konsulu Kamal Arıkanı qətlə yetirmiş erməni terrorçu, ASALA üzvü Ambik Sasunyanın həbsdən azad edilməsini qorxunc bir səhv olaraq qəbul edirik və bu qərarı pisləyirik.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, bu cür qərarların terrorla mübarizəyə deyil, terrorçuluğun siyasi məqsədlərə çatmaq üçün istifadə olunmasına xidmət edəcəyi aşkardır.
Qeyd edək ki, A.Sasunyan türkiyəli konsulun qətli ilə əlaqədar 1984-cü ildə ömürlük həbsə məhkum edilmişdi. 2019-cu ilin dekabrında Kaliforniya ştatının Məhkumların azad edilməsi şurası onun azad edilməsi barədə qərar qəbul etsə də, ştat qubernatoru bu qərarı ləğv etmişdi.
A.Sasunyan 2021-ci ilin fevralında Los-Anceles dairə Ali məhkəməsinin qərarı ilə azad edilmişdi. O, Ermənistana gəldiyini bildirib.
“Sasunyanın Ermənistana göndərilməsinin mənfi tərəflərindən biri də odur ki, bu, sözügedən ölkədə revanşizmə bir az da “qol-qanad” verəcək, revanşistləri yeni cinayətlərə “ruhlandıracaq”
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, BAO başqanının Türk ünyası ilə əlaqələr üzrə müavini, siyasi icmalçı Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Los-Anceles dairə Ali məhkəməsinin caninin, ömürlük məhkumun azadlığa buraxılması ilə bağlı qəbul etdiyi qərar qəbuledilməzdir. Sasunyanın qorxulu cinayətkar olduğunu deyən F.Ələkbərli qeyd etdi ki, həm onun azadlığa buraxılması, həm də Ermənistana gəlməsinə şərait yaradılması böyük səhvdir. “Əlbəttə, türkiyəli konsulun qətli ilə əlaqədar 1984-cü ildə ömürlük həbsə məhkum edilən ASALA üzvü olan terrorçunun azadlığa buraxılması çox yanlış hərəkətdir, bu qəbuledilməzdir. Amerika Birləşmiş Ştatları özünü “demokratiyanın keşikçisi” sayır, “demokratiyanı müdafiə edən ölkə” kimi təqdim edir, faktiki olaraq isə erməni terrorçusunu ömürlük həbsdən azad etməklə ciddi bir yanlışlığa yol verdiyini ortaya qoyur. Los-Anceles dairə Ali məhkəməsi çox yanlış qərar qəbul edərək, ömürlük həbsə məhkum olunan bir terrorçunu, canini azadlığa buraxmaqla öz nüfuzunu zərbə altında qoyub. Bu, dəhşətli səhv və yanlışlıq olmaqla yanaşı, həm də ayrıseçkilikdir. Bu cür ayrıseçkiliklər nəyə görə olmalıdır? Türk və müsəlman ölkələri terrora məruz qalanda ABŞ susur, amma bir qeyri-türk, qeyri müsəlmana qarşı kiçik bir hadisə baş verəndə dərhal cavab verir, bununla da ayrı-seçkilik edir. Bu da ABŞ-ın elan etdiyi demokratiya prinsipinə tamamilə ziddir. Əgər Sasunyan adlı terrorçu törətdiyi terrora və qətliama görə ömürlük həbsə məhkum eidlmişdisə, ömürlük həbsdə qalmalı idi. Ancaq indi nə dəyişdi ki, ABŞ-ın Los Anceles məhkəməsi tərəfindən belə bir səhv qərar qəbul edildi? Görünən odur ki, Los-Anceles məhkəməsi müstəqil deyil və onun belə ziyanlı qərar verməsində erməni lobbisinin təsiri var”. F.Ələkbərlinin sözlərinə görə, 2019-cu ildə də Sasunyanın azadlığa buraxılması gündəmə gətirilib, amma qubernatorun işə qarışması nəticəsində Sasunyan azadlığa buraxılmamışdı. Ekspert hesab edir ki, gec-tez ABŞ və onun qurumları qəbul etdikləri yanlış qərarın ağır nəticəyə səbəb olacağını dərk edəcək. F.Ələkbərli hesab edir ki, Türkiyə XİN-in bəyanatı tamamilə əsaslıdır. Türkiyə XİN-in bu məsələyə çox doğru yanaşma sərgilədiyini deyən F.Ələkbərlinin qeyd etdiyinə görə, bu, Türkiyə və ABŞ-ın illərdir elə də yaxşı olmayan münasibətlərini yenidən zədələyə bilər. F.Ələkbərli hesab edir ki, ASALA üzvünün həbsdən azad edilməsi və hətta onun Ermənistana göndərilməsi heç də yaxşı hal deyildi. F.Ələkbərlinin fikrincə, Sasunyanın Ermənistana göndərilməsi təsadüfi deyil və buna əsaslı açıqlama verilməlidir: “Sasunyanın birbaşa Ermənistana göndəriməsinin ciddi fəsadlara səbəb olacağı açıq-aşkar görsənir və ASALA üzvünün ABŞ-dan birbaşa Ermənistana göndərilməsinin səbəbləri açıqlanmalıdır. Yenidən bütün terrorçular Ermənistana toplaşır. Fikrimcə, Sasunyanın Ermənistana göndərilməsinin mənfi tərəflərindən biri də odur ki, bu, sözügedən ölkədə revanşizmə bir az da “qol-qanad” verəcək, revanşistləri yeni cinayətlərə “ruhlandıracaq”. Onsuz da Ermənistan hələ də revanşizmdən xilas olmayıb. Sasunyan kimi terrorçunun azadlıqda gəzməsi böyük təhlükədir, bu, yeni-yeni terror hadisələrinə səbəb ola bilər. Odur ki, rəsmi Vaşinqton nə etdiyini düşünməlidir. Bu həm ABŞ-ın əlində bayraq etdiyi demokratiyaya, həm bu ölkənin qanunvericiliyinə, həm də beynəlxalq hüquqa tamamilə ziddir”-deyə F.Ələkbərli qeyd etdi.
F.Ələkbərli onu da vurğuladı ki, Sasunyan soyadlı qorxulu qatilin, caninin azadlıqda gəzməsindən bütün dünya narahat olmalıdır, çünki onun sabah ağır cinayət, terror aktl törətməyəcəyinə nə ABŞ, nə Ermənistan, nə də terrorçunu azadlığa buraxan məhkəmə təminat verə bilər.
İradə SARIYEVA