Gələn ilin martında Xankəndidə “erməni abidələrinin albanlaşdırılması mövzusunda beynəlxalq konfrans” adlı təxribatçı tədbir planlaşdırılır. Rusiya və Avropadan ermənipərəst tarixçi alimlərin konfransda iştirakı gözlənilir. İddia olunur ki, guya bu tədbir Bakının “erməni kilsələrini albanlaşdırması”na “qəti bir nöqtə” qoyacaq. Məlimata görə, erməni tərəfi uzun illər ərzində saxtalaşdırdıqları alban kilsələrinin öz sahiblərinə qaytarılması prosesindən bərk narahatdır.
Məsələ ondadır ki, Ermənistan Qarabağ və ətraf rayonları işğal edəndən sonra cinayətkarcasına alban abidələrini erməniləşdirməyə başladı. Özləri vaxtilə bu cinayətləri törətdikləri halda, indi bizi bunda ittiham etməklə, bir növ, iz itirməyə çalışırlar. Guya biz “qədim erməni” abidələrini albanlaşdırırıq. Halbuki, proses alban abidələrinin erməniləşdirilməsindən başlayıb. Yəni bu cinayətin başında ermənilərin özləri dayanır. Çünki bunlar tarixi abidələri erməni abidəsi kimi təqdim edib dünya ictimaiyyətini aldatmaq istəyirlər.
“Dünya artıq onların yalanlarına inanmır”
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, ermənilər istənilən həyasızlığa əl atırlar: “O baxımdan onlardan nə desən gözləmək olar. Müharibə dövründə dünyada olan əlaqələrindən istifadə edərək belə bir uydurma ilə çıxış etdilər ki, guya Azərbaycan ordusu tarixi abidələri məhv edir. Bu minvalla dünyanı üstümüzə qaldırmağa çalışdılar. Lakin ortaya bir dənə də fakt qoya bilmədilər. İndi də həyasızcasına bəyan edirlər ki, Azərbaycan erməni abidələrini albanlaşdırır. Bununla dünya alimlərini aldatmağa çalışırlar. Hansı ki, 30 illik işğal dövründə bir sıra tarixi abidələrimizi məhv ediblər. Alban abidələrini erməniləşdiriblər və bunun izləri açıq-aşkar bilinir. Ancaq hesab edirəm ki, ermənilər bununla nəyəsə nail ola bilməyəcəklər. Ona görə ki, dünya artıq onların yalanlarına inanmır”.
Bu baxımdan professor hesab edir ki, ermənilərin keçirmək istədiyi tədbir fiaskoya uğrayacaq.
Vidadi ORDAHALLI