Ermənistanın baş naziri Nikol Paşinyanın 19 oktyabr 2020-ci il tarixində müxalif Daşnaksütyun partiyasının parlamentdənkənar rəsmiləri ilə görüşünün bəzi detalları məlum olub. Bu barədə “Hayastan” blokundan deputat seçilən İşxan Saqatelyan məlumat verib.
O qeyd edib ki, görüş gərgin keçib: “Oktyabrın 19-da o, müşavirəyə onunla başladı ki, vəziyyət ağırdır, itkilərimiz çoxdur. Soruşdum ki, heç olmasa status məsələsi (Dağlıq Qarabağ) varmı, o, (Nikol Paşinyan) “yox” cavabını verdi. Ona xitabən dedim: sən, əslində 23-24 gün “biz qalib gələcəyik” qışqırdın, indi deyirsən ki, kapitulyasiyaya imza atacaqsan. Cavab verdi ki, vəziyyət belədir və ondan əvvəlki rəhbərlik yaxşı miras qoymayıb”.
Deputat əlavə edib ki, kapitulyasiya Ermənistanın məhv olması deməkdir.
Göründüyü kimi, indi üstü açılır ki, Pasinyan bir il əvvəl “Dağlıq Qarabağın statusu məsələsi yoxdur” deyib. Demək, Azərbaycan Prezidentinin dəfələrlə dediyi bu fikirlə Pasinyan da razı imiş. Aşkar deyib ki, status olmayacaq. Bunu Azərbaycan Prezidenti də dəfələrlə deyib.
“...Bu bəyanatların əsasını dərk edirdi və bu gün də dərk edir, ona görə də artıq “status” barədə bir kəlmə də olsa danışılmır”
Siyasi şərhçi Rövşən Rəsulov “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyanın reallıqla barışmaqdan başqa alternativ seçimi olmayıb: “ Bildiyimiz kimi, eləcə də bir sıra erməni mənbələrinin də etiraf etdiyinə görə, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın düşmənə qarşı tətbiq etdiyi uğurlu əks-həmlələri və qələbə yürüşü zamanı Nikol Paşinyana bir sıra siyasi dairələrdən təkliflər gəlirdi ki, Bakının şərtləri ilə razılaşsın və müharibədə üzləşdiyi ağır məğlubiyyətini etiraf etsin. Lakin o, israrla, inadla “biz qalib gələcəyik” tipli şüarları ilə ilk növbədə, özünü və eyni zamanda, erməni xalqını aldadırdı. Əbəs deyil ki, müharibədən sonra məğıubiyyətin səbəbləri bu gün də Ermənistanda aktual mövzu olaraq qalmaqdadır və bir zamanlar Paşinyanın müxalifət nümayəndələri ilə bağlı qapılar arxasında keçirdiyi görüşlərin də detalları istər-istəməz açılmağa başlayıb. Bu xüsusda onun həmin ərəfələrdə müxalifətçi Daşnaksyutyun partiyasının parlamentdənkənar rəsmiləri ilə görüşündəki söhbətlərin “Hayastan” blokunun deputatı İşxan Saqatelyan tərəfindən ictimailəşdirilməsini də göstərə bilərik. Yəni Nikol Paşinyanın sözügedən görüşdə Qarabağın statusunun olmaması və gələcəkdə də olmayacağı ilə bağlı etirafından tutmuş bütün günahları əvvəlki rəhbərliklərin üzərinə atması faktları özü-özlüyündə bütün gerçəklikləri ortaya çıxarmağa başlayıb. Əslində, Paşinyanın üzərinə düşən məsuliyyətin bir qismini Köçəryan-Sarkisyan rejimlərinin üzərinə atmaqla özünü daha çətin vəziyyətə salır, yəni əsas günah payının onun özündə olduğunu etiraf edir. Çünki İkinci Qarabağ müharibəsinin başlanmasının bir nömrəli baiskarı da onun özüdür. Bəli, əvvəlki rejimlər Azərbaycanın torpaqlarını işğala məruz qoymuşdu və 30 il ərzində ATƏT-in Minsk qrupunun iştirakı ilə aparılan danışıqlar da nəticəsiz qalmışdı. Paşinyana isə işğal faktını rəsmiləşdirmək lazım idi. Bunun üçün ona Qərb təşkilatları, əsasən Soros fondu kifayət qədər dəstəyini göstərirdi, ona çoxsaylı vədlər verirdi və s. Bu baxımdan, onun Şuşada, Cıdır düzündə sərxoş halda yallı getməsini, Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” tipli pafoslu bəyanatını qısaca da olsa xatırladaraq birbaşa deyə bilərik ki, baş verənlər Paşinyanın öz hakimiyyətini möhkəmləndirməsi yönündəki cəhdləri idi və Qərbə də bu lazım idi”. R.Rəsulovun fikrincə, Qərb onu inandırmışdı ki, bu yolla Rusiyaya bağlı Qarabağ klanların kökünü birdəfəlik kəsəcək və ölkəsinin əvəzolunmaz liderinə çevriləcək, beləliklə Ermənistan Kremlin təsirindən xilas olacaq. “Nəticə isə göz qabağındadır və Nikol Paşinyan hələ bəhs etdiyimiz görüşü zamanı seytnota düşdüyünü anlamışdı və statusun olmayacağını da dərk etmişdi. Ona görə də “status olmayacaq” cavabını verməklə artıq onda bu məsələnin Ermənistan üçün bitdiyini demişdi.
Yeri gəşmişkən, burada daha bir məsələni də qeyd etmək istərdim. Yadınızdadırsa, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatda nəqliyyat və kommunikasiyaların blokadadan çıxarılması barədə bəndin mövcud olmasına rəğmən, Nikol Paşunyan “dəhliz” sözündən imtina edir, üstəlik Zəngəzurdan heç bir yolun keçməyəcəyini israrla bəyan edirdi. Ancaq biz nəyi müşahidə edirik? Fakt budur ki, artıq bu prosesə başlanılıb və Paşinyanın özü də Naxçıvanla Azərbaycanı birləşdirəcək yol barədə danışmağa başlayıb. Hansı ki, bunu inkar edirdi. Bu yanaşmadan da çıxış edərsək, biz Prezident İlham Əliyevin 44 günlük müharibədə əldə etdiyimiz zəfər yürüşləri zamanı statusun cəhənnəmə göndərilməsi ilə bağlı tarixi bəyanatlarını xatırlada bilərik. Nikol Paşinyan bu bəyanatların əsasını dərk edirdi və bu gün də dərk edir, ona görə də artıq “status” barədə bir kəlmə də olsa danışılmır. Sadəcə, sözdə “artsaxın gələcəyi” ətrafında uğursuz simulyasiyalar edilir ki, onların da tədricən aradan gedəcəyini əminliklə vurğulaya bilərik” - deyə R.Rəsulov qeyd etdi.
İradə SARIYEVA