Ermənistan Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan açıqlama verib ki, rusiyalı sülhməramlı kontingenti 2020-ci il 10 noyabr razılaşmasından nəzərdə tutulduğundan daha uzun müddətə Qarabağda qalacaq.
Armen Qriqoryan Azərbaycanla delimitasiya və demarkasiyaya hazır olduqlarını, amma bu istiqamətdə irəliləyişin olmadığını da əlavə edib. Xatırladaq ki, 2020-ci il 10 noyabr razılaşmasına görə, Rusiya sülhməramlı qüvvələri Qarabağda azı 5 il müddətində yerləşdirilir. Azərbaycan tərəfi həmin müddətin bitməsinə 6 ay qalmış Rusiya tərəfini missiyasını yekunlaşdırması barədə xəbərdar etməzsə, sülhməramlıların qalma müddəti yenidən avtomatik 5 il uzadılacaq. Beləliklə, Ermənistan tərəfinin veriyasına görə, sülhməramlı kontingentin qalma müddəti 2025-ci ildə deyil, azı 2030-cu ilin noyabrına qədər davam edəcək.
Erməni rəsmilərinin müddətlə bağlı verdikləri açıqlamalar hansı məntiqə əsaslanır?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə bildirdi ki, ermənilərin bu cür açıqlamaları narahatlıqdan doğur: “Məhz yaxın 4 ilin onların gələcək taleyini həll edəcəyini də anlamamış deyillər. Ona gör də ciddi şəkildə narahatdırlar, Rusiya sülhməramlı qüvvələrinin Xankəndi və ətraf bölgədə əbədi qalmasının vacibliyini sübuta yetirməyə çalışırlar. Halbuki bunun mümkün olmaya biləcəyini də qətiyyən istisna etmirlər.
Separatçılar açıq şəkildə deyirlər ki, 4 ildən sonra nə olacağı hələlik məlum deyil. Ona görə də onlar bu müddət ərzində əhalinin mənzil problemini həll etmək və daha çox erməninin geri dönməsini təmin etməyi düşünürlər. Ancaq erməni separatçıların bu ümidlərinin özünü qətiyyən doğrultmayacağını hamı anlayır. Rusiyanın davranışları da göstərir ki, Kreml heç özü də növbəti 5 il üçün rus sülhməramlıların bölgədə qalmasında maraqlı deyil. Ona görə də, Kreml yaxın 4 il ərzində buna ehtiyac olmayacaq situasiyanın yaradılmasına cəhd edir.
Məsələ ondadır ki, Rusiya israrla üçtərəfli anlaşmaların tam şəkildə icra olunmasının vacibliyini vurğulayır. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesinə başlamağa çağıraraq, bu prosesdə öz yardımını təklif edir. Cənubi Qafqazda bütün nəqliyyat-kommunikasiya xətlərinin, o cümlədən, Zəngəzur dəhlizinin açılmasının regionun gələcək inkişaf perspektivləri baxımından, böyük önəm daşıdığını xüsusi olaraq, qabardır. Kremlin davranışları Rusiyanın da tələsdiyini və üçtərəfli anlaşmaların icrasını yaxın 4 il ərzində yekunlaşdırmağa çalışdığını göstərir. Yəni, ermənilərin rus sülhməramlıların bölgədə dislokasiya müddətinin uzadılacağına ümid bəsləməsi tamamilə yersizdir. Rusiya sülhməramlılarının 4 ildən sonra bölgədən çıxarılacağı ilə bağlı Kreml və rəsmi Bakı arasında qeyri-rəsmi anlaşmanın olduğu barədə də müəyyən fikirlər səslənir. Üstəlik, Rusiya prezidenti Vladimir Putin “Valday” forumunda çıxış edərkən, “Qarabağda Rusiya sülhməramlı qüvvələrinin dislokasiya müddətinin uzadılması müzakirə edilmir” deməklə, məsələyə tam aydınlıq gətirib”.
Məhəmmədəli QƏRİBLİ