“Sosial media ifadəsinin özü aydınlaşdırılmalıdır. Ümumən belə bir ifadə işlətmək və sosial şəbəkələri media kimi təqdim etmək nə dərəcədə doğrudur?”. Bu sözləri SİA-ya açıqlamasında “Bakı-Xəbər” qəzetinin Baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, sosial media anlayışının özü bir-birinə qəti şəkildə aidiyyatı olmayan iki sözün birləşdirilməsindən ibarətdir: “Bu sosial və media sözləridir. Media deyəndə biz ənənəvi mətbuatı, medianı, internet imkanları üzərində yaranan onlayn medianı, televeziyanı və s. nəzərdə tuturuq. Sosial sözü isə tamamilə başqa bir anlayışdır. Bunu həm sosiologiya elminə uyğun təhlil etmək lazımdır, həm cəmiyyətin insanların toplumu kimi izah etmək lazımdır, həm də sosial şəbəkə anlayışında izah etmək lazımdır. Fikrimcə, əvvəla sosial media anlayışını tam şəkildə kənara qoymaq lazımdır. Ona görə də, sosial şəbəkələr daha çox sosial bəla rolunu oynamağa başlayıb. Sözün açığı bu gün sosial şəbəkələrdə dünyanın istənilən ölkəsinin timsalında daha çox pozitiv, daha çox neqativ rol oynadığını söyləməkdə çətinlik çəkirəm.
Günümüzdə sosial şəbəkənin müsbət və mənfi tərəfləri sanki bir-birini neytrallaşdırır. Çünki sosial şəbəkələrdə şəxsən hər hansı bir ciddi problemin müzakirəsini görməmişəm. Ona görə də sosial şəbəkələr hər kəsin öz düşüncəsini, duyğusunu ifadə edə biləcəyi açıq bir meydandır. Burada əslində ictimai rəy, fikir formalaşmır. Sadəcə olaraq hər bir kəs özünün mövqeyini başqalarına qəbul etdirməyə çalışdığı bir xaotik məkandır. Ənənəvi mediada, internet resurslarında cəmiyyət üçün təhlükəli məlumatların yayılmasına demək olar ki, çox nadir hallarda rast gəlmək olar. Amma sosial şəbəkələr yarandığı gündən daim təkzib olunan ziyanlı, dağıdıcı rol oynayan informasiya məkanından başqa bir şey deyil. Çox təəssüf ki, sosial şəbəkələrin fəaliyyətinin qarşısını almaq mümkünsüzdür. Ona görə də, sosial şəbəkələrin müsbət imkanlarından istifadə etməklə bərabər, onun mənfi cəhətlərinin qarşısını almaq barədə də düşünmək lazımdır”.