Ermənistan baş naziri Nikol Paşinyan kommunikasiyaların açılması ilə bağlı hökumət iclasında çıxışında deyib ki, “Dəhliz məntiqi” ilə aparılan danışıqlar regionda düşmən və gərginlik atmosferini daha da dərinləşdirir.
Paşinyan xatırladıb ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanat regionda kommunikasiyaların açılmasını nəzərdə tutur:“Ermənistan bu ideyanı tam dəstəkləyir. Bu məsələnin həlli regionda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı müəyyən təminatlar yaradacaq. Rəsmi İrəvan məsələyə məhz bu nöqteyi-nəzərdən və bu anlayışla yanaşır”.
Paşinyan həmçinin əlavə edib ki, hazırda yük daşınması ilə bağlı marşrutlar müzakirə edilir.
Çox maraqlıdır, Paşinyan Zəngəzur yolu ilə Zəngəzur dəhlizinin fərqini nədə görür?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan tərəfi bu iradı bir neçə dəfə səsləndirib: “Ancaq bu fikir müxtəlif rəsmilərin dili ilə ifadə olunub. İndi isə şəxsən Paşinyan tərəfindən səslənir. Ermənistan yol verməyə, Azərbaycan və Türkiyənin bu yollardan hərəkət üçün istifadə edə bilməsindən ötrü bütün mövcud yolları açmağa hazır olduğunu bəyan edir. Lakin tələbi budur ki, bütün bu yollar Ermənistanın suveren nəzarəti altında olacaq. Onların əsaslandırması budur ki, Rusiya, Azərbaycan və Ermənistanı təmsil edən Baş nazir müavinləri səviyyəsində dəhliz məsələsi yox, bütün yol infrastrukturunun blokdan çıxarılması müzakirə olunub. Qeyd edirlər ki, daha çox mövcud infrastrukturdan, yəni İrəvan-Tiflis-Bakı-Rusiya dəmir yolundan, habelə infrastruktura, demək olar ki, investisiya yatırmağa ehtiyac olmayan İrəvan-Naxçıvan-Culfadan istifadə etməyə daha çox meyllidirlər. Fikirlərini bununla əsaslandırırlar ki, Azərbaycan da Ermənistanın yollarından istifadə edə biləcək. Yəni Azərbaycanın qərb bölgələri Tavuş və ya Sünikin infrastrukturlarından istifadə etməklə Naxçıvanla əlaqə saxlaya biləcək.Türkiyə prezidenti çıxışında dəhlizlər terminini işlətdi. Tək deyil, cəm şəklində - dəhlizlər. Dəhlizlər deyəndə bir neçə yolu başa düşürük. Görünən budur ki, Azərbaycanla Ermənistan "Zəngəzur dəhlizi" ilə bağlı fərqli mövqelərdə dururlar. İlham Əliyev 10 noyabr razılaşmasında "Zəngəzur dəhlizi"ndən bəhs olunduğunu deyir. Nikol Paşinyan bu razılaşmada hər hansı "Zəngəzur dəhlizi"nin nəzərdə tutulmadığını, yalnız bölgənin blokadadan çıxarılmasının göstərildiyini iddia edir. Əslində Ermənistan bu məsələdə çığallıq etmək istəyir. Əsas niyyətləri budur ki, həmin yoldan istifadə edəcək Azərbaycan vətəndaşlarının yoxlanışını erməni hərbçilər aparsın. Yəni hər hansı sülhməramlılar yox. Dəhliz olanda bizim onlara verdiyimiz Laçın dəhlizi kimi olacaq. Ora necə sülhməramlılar nəzarət edirsə, Ermənistan ərazisindən keçən dəhlizə də onlar nəzarət etməlidir. Bizim suveren ərazimizdən dəhliz ola bilir, onlarınkından yox? Bu nə məntiqdir? Faktiki olaraq, Ermənistanın bütün sərhədlərinə rus hərbçiləri nəzarət edir. Buna razı olmamaq yalnız sabotaj məqsədini güdə bilər”.
Məhəmmədəli QƏRİBLİ