Ermənistan Nazirlər Kabineti Azərbaycanın Qarabağ regionunda müvəqqəti yerləşdirilən rus sülhməramlılarının məsuliyyət zonasındakı erməni əhali üçün 27 milyon dollar ayırıb. Bunu həmin ölkənin rəsmi dairələri də təsdiqləyib.
Maliyyə naziri Tiqran Xaçatryan bu məbləğin noyabr üçün olduğunu, Qarabağdakı ermənilərin hansı ehtiyaclarına xərclənəcəyini açıqlayıb.
Xaçatryanın sözlərinə görə:
1. 6,4 milyon dollar əmək haqlarının ödənilməsinə gedəcək.
2. 2,4 milyon dollar pensiyaya ayrılır.
3. 2,7 milyon dollar əhalinin işıq və qaz istifadəsinin ehtiyacları üçün ayrılıb.
4. 700 min dollar uşaq bağçalarına, 490 min dollar kənd icmalarına dotasiya üçün nəzərdə tutulub. Bu da edir 1 milyon 190 min.
Belə olan təqdirdə ortaya sual çıxır: Ermənistanın bu şəkildə Qarabağdakı ermənilərə pul ayırması qanunidirmi və həmin vəsait yalnız əhaliyə xərclənirmi?
Beynəlxalq idarəetmə üzrə ekspert, iqtisadçı Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələyə iki aspektdən yanaşmaq olar: “İqtisadi cəhətdən araşdıranda görürük ki, Ermənistanın xərclərlə bağlı təqdim etdiyi siyahı ilə ayrılan vəsait arasında ciddi uyğunsuzluq var. Hətta onların təqdim etdiyi siyahı üzrə hesablama aparanda belə, bu xərcləri qarşılamağa hardasa 15 milyona yaxın vəsait tam kifayətdir. Qarabağda yaşayan ermənilərin sayı ilə bağlı hətta Arayik Arutunyan etiraf edib ki, orada əhalinin sayı 30 min civarındadır. Belə olan təqdirdə, bu vəsaitin həddən artıq çox olduğu ortaya çıxır. Ayrılan vəsaiti ilə vuranda bu hardasa 320 min dollar edir. Bu da çox ciddi rəqəmdir. Hətta bizim Naxçıvana ayırdığımız vəsaiti də üstələyir. Nikol Paşinyan bəyan edib ki, 2022-ci il üçün Qarabağdakı ermənilərə ayrılan vəsait daha da artırılacaq. Bütün bunlar göstərir ki, Ermənistan həmin vəsaiti əhaliyə yardım adı ilə tam başqa məqsədlər üçün ayırır. Burada korrupsiya amilləri də ola bilər. Ancaq az inandırıcıdır. Çünki həmin vəsaitə ciddi ictimai nəzarət var. Böyük ehtimalla, Ermənistanın ayırdığı həmin vəsait erməni separatçılatının daha da möhkəmlənməsinə xərclənir. Hüquqi cəhətdən də Ermənistan bu addımı ilə beynəlxalq normaları pozur. Nazir deyib ki, sentyabr ayından Ermənistan yalnız sosial məsələlərin həlli üçün deyil, iqtisadi proqramların həyata keçirilməsi üçün də pul ayırır. Məsələn, yaşayış problemlərinin həlli, infrastrukturun abadlaşdırılması və kənd təsərrüfatının inkişafına.
44 günlük müharibədən sonra Azərbaycanın Qarabağ bölgəsində erməni əhali yaşayır və bura və Laçın dəhlizinə bölgəyə yerləşdirilmiş rus sülhməramlıları nəzarət edir.
Azərbaycan Dağlıq Qarabağ adında ərazinin mövcud olmadığını deyir.
Bu ilin yayında Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb. Azərbaycanın iqtisadi qüdrəti həmin ərazidə yaşayan ermənilərin ehtiyaclarını ödəmək üçün tam yetərlidir. Ermənistan qeyri-rəsmi kanallarla ora yardım edirsə, bu çox ciddi maliyyədən xəbər verir. Bu qədər vəsaitin qanunsuz dövriyyəsi ilə bağlı Azərbaycan beynəlxalq maliyyə qurumları qarşısında Ermənistana iqtisadi sanksiyaların tətbiqini tələb etməlidir”.
Məhəmmədəli QƏRİBLİ