Ermənistanda nəşr edilən “Joxovurd” qəzeti yazır ki, Ermənistanda Azərbaycan və Türkiyənin radio sədaları eşidilməyə başlayıb. Nəşrin verdiyi məlumata görə, Türkiyənin radio kanalları İrəvanda, Azərbaycanın radio dalğaları isə bölgələrdə yayımlanır.
Ermənistanın Yüksək Texnologiyalar Nazirliyinin “Respublika Telekommunikasiya Qovşağı”nın baş direktorunun müavini Samvel Arutyunyan bununla sadəcə mübarizə apara bilməyəcəklərini bəyan edib. “Radio kanallar nə sərhədi tanıyır, nə də dövləti” deməklə, S.Arutyunyan ölkəsinin acizliyini etiraf edib.
“Ermənistan bu sahədə yüksək texnologiyalarla təmin edilmiş bir ölkə deyil ki...”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, türk səsinin İrəvanda eşidilməsi çox normaldır. A.Həsrətin sözlərinə görə, Ermənistan ərazi baxımından o qədər kiçik ölkədir ki, Azərbaycan və Türkiyə radiolarının həmin ölkədə yayımlanmasının qarşısını almaq həqiqətən də çətindir: “Özəlliklə də vaxtilə Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi bizim radio yaymlarımızın onlara yaxınlaşmasına səbəb olub. Bilirsiz ki, son günlərdə Zəngilanda da radio və televiziya yayımı Azərbaycan tərəfindən bərpa edildi. Təbii, radio yayımı da elə bir məsələdir ki, onun qarşına sədd çəkib dayandırmaq mümkün deyil. Əgər Zəngilanda, Şuşada Azərbaycanın radio kanalları yayımlanırsa ordan ora bir addımlıq yoldur və bizim radioların Ermənistanda da səsləndirilməsi təbiidir. Eyni zamanda, Türkiyənin öz televiziya və radio yayımlarında mümkün qədər optimallaşdırma apardığını nəzərə alsaq, onların da Ermənistanın radio və televiziya məkanına daxil olması başadüşüləndir. Yəni Ermənistan tərəfi doğru deyir, bu yayımların qarşısını almaq üçün hansısa imkanları yoxdur. Çünki Ermənistan çox kiçik bir ölkədir. Ermənistan bu sahədə yüksək texnologiyalarla təmin edilmiş bir ölkə deyil ki, bu kimi məsələlərin də qarşısını ala bilsin”.
A.Həsrətin vurğuladığına görə, bizim radio kanallarının Ermənistanda yayımlanması ermənilərin də xeyrinədir, çünki orada həqiqətən də bir nəsil var ki, onlar Azərbaycanla bağlı nostalgiya ilə yaşayırlar. “Azərbaycan dilini, Azərbaycan musiqisini eşitmək onların da ürəyincədir. Əslinə qalanda, sülhyaratma prosesinə bu faktorun özü də az da olsa təsir edə bilər. O baxımdan düşünürəm ki, Ermənistanın və ermənilərin narahat olmasından çox sevinməsi lazımdır. Qoy qulaqları yenidən Azərbaycan - türk dilinə, musiqisinə alışsın. Yavaş-yavaş anlasınlar ki, bu 30 il ərzində nələri itiriblər. Düşünürəm ki, bütövlükdə bu, ümumi işin xeyrinə olacaq”-deyə A.Həsrət vurğuladı.
İradə SARIYEVA