Ermənistan parlamentində müzakirələr zamanı Paşinyan ölkəsinin sərhədlərində hər hansı bir dəyişikliyin baş vermədiyini deyib. Sualları cavablandırarkən o qeyd edib ki, 2010-cu ildə qəbul edilən qanunda konkret olaraq Ermənistanın sərhədlərinin hardan başlayıb, harada qurtardığı göstərilib. Paşinyan bildirib ki, “yalnız Sotk-Xoznavar istiqamətində Azərbaycan sərhədi pozub”. Onun sözlərinə görə, qalan hissələrdə status-kvo saxlanılır. N.Paşinyan deyib ki, Ermənistan-Azərbaycan sərhədində delimitasiya və demarkasiya prosesinin başlanması bu məsələnin həlli üçün əlverişli şərait yaradacaq.
O, həmçinin qeyd edib ki, Ermənistan öz silahlı qüvvələrini təcavüz etmək üçün deyil, özünü müdafiə üçün inkişaf etdirəcək: “Ermənistan ərazi zəbt etmək niyyətində deyil”.
Buradan o nəticəyə gəlmək olar ki, Paşinyan müharibədən sonra bütün sərhəd iddialarından əl çəkib və sərhədin dəqiq müəyyənləşməsində maraqlıdır. Bu mövqeyi səmimi saymaq olarmı?
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 10 noyabrda imzalanan üçtərəfli bəyanatın əsas bəndlərindən biri də kommunikasiyaların açılması idi. Lakin bilirsiniz ki, bunun üçün sərhədlərdə demarkasiya və delimitasiya işləri aparılmalıdır. Azərbaycan təkidlə bunu tələb etsə də, Ermənistan prosesi yubadırdı. Hətta bütün sərhəd boyunca ərazi iddiaları irəli sürürdü. Bunu biz Qaragöldə, Kəlbəcərdəki qızıl yataqlarında və eləcə də, Zəngəzurda gördük. Ancaq Azərbaycanın qətiyyətli, prinsipial mövqeyi onları geri çəkilməyə vadar etdi. Hətta onlar ATƏT-i də prosesə qoşmaq istəyirdilər. Ölkənin daxilindəki gərginliyi artırırdılar ki, proses pozulsun. Revanşist qüvvələr istəyirdilər ki, prosesi dalana dirəməklə vaxt qazansınlar. Nəticədə proses başqa məcrada getdi. Əfqanıstanda vəziyyətin dəyişməsi Rusiyanı bir qədər ehtiyatlı davranmağa vadar etdi. Biz bunu gərginləşən İran-Azərbaycan münasibətləri fonunda da gördük. Hər zaman İranla bir oyun quran Rusiya bu dəfə Tehrana öz yerini göstərdi. Bundan Ermənistan daha ciddi nəticə çıxardı. Paşinyan bilir ki, onların yeganə çıxış yolu konstruktiv olmaqdan keçir. Əminliklə demək olar ki, Paşinyan sülh istiqamətində addımlarını davamlı atacaq. Ermənistan müxalifətinin bu prosesə təsir etmək gücü də yoxdur. Sərhədlər Azərbaycanın tələb etdiyi qaydada müəyyənləşəcək. Biz Qazaxın və Naxçıvanın da Ermənistanın nəzarətində olan kəndlərini tezliklə geri alacağıq”.
Məhəmmədəli QƏRİBLİ