Ermənistan parlamentində hökumət saatında Nikol Paşinyan deyib ki, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev, Vladimir Putin və Ermənistanın baş naziri tərəfindən imzalanan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda kommunikasiyaların açılması nəzərdə tutulur və Ermənistan bu fikri dəstəkləyir. Baş nazirin sözlərinə görə, bu problemin həlli sülh və təhlükəsizliyə müəyyən təminatlar yaradır və İrəvan məsələyə məhz bu prizmada yanaşır. Ermənistan hökumətinin başçısı əlavə edib ki, hazırda gələcəkdə yüklərin daşınması üçün marşrutlar məsələsi müzakirə olunur.
Göründüyü kimi, artıq Paşinyan 10 noyabr razılaşmasına güvəndiyini açıq etiraf etməyə başlayıb. Paşinyanın bu açıqlamalarından hansı nəticələri çıxarmaq olar?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda maraqlı proseslər yaşanır: “Bir neçə gün öncə Ermənistan mətbuatında Azərbaycanla Ermənistan arasında tezliklə sülh müqaviləsinin imzalanacağına dair sensasiyalı məlumat yayıldı. Həmin məlumat Ermənistanın əksər KİV-i tərəfindən tirajlandı. Sonra isə Kremlə yaxın “RİA Novosti”nin də təqsdiqlədiyi həmin məlumatda deyilirdi ki, noyabrın 9-da, ya da 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada görüşəcək və Vladimir Putinin iştirakı ilə iki hissədən ibarət sülh müqaviləsi imzalayacaqlar.
Birinci sənəd Azərbaycanla Ermənistanın dövlət sərhədlərinin demarkasiyası və delimitasiyasını nəzərdə tutur. Hansı ki, bununla tərəflər SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının 1920-ci ilə aid xəritələrinə əsaslanaraq, bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıyırlar. İkinci sənəd isə kommunikasiyaların, yolların açılması ilə bağlıdır. Hətta iddia edilir ki, Moskvadakı görüşlə bağlı məlumatı indidən mətbuata sızdıran elə Paşinyanın özüdür. Ermənistan müxalifəti yazır ki, hər nə qədər hakimiyyət müxtəlif səviyyələrdə inkar etsə də, belə bir proses var. Onların qənaətincə, hazırkı prosesi Ermənistan üçün əlverişli saymaq olmaz. Paşinyan bilir ki, başqa çıxış yolu qalmır. Bunun üçün ya hakimiyyət sənədi imzalamaqdan imtina etməlidir, ya da cəmiyyətdə elə böyük bir etiraz dalğası olmalıdır ki, Paşinyan sənədi imzalamaqdan boyun qaçıra bilsin. Rusiyanın vasitəçiliyi ilə imzalanacağı gözlənilən yeni sənədlərin təfərrüatı haqda hələ dəqiq bilgilər olmasa da, erməni müxalifəti mitinqlərə qərar verdi. Bəlkə də düşünmık olar ki, qeyri-adi heç nə baş vermir. Hər ölkədə müxalifətin işi hakimiyyəti tənqid etmək, ona qarşı sivil yollarla mübarizədir. Ermənistanın ikinci prezidenti Robert Koçəryanın rəhbərlik etdiyi müxalif "Hayastan" bloku mitinq qərarını belə izah edir ki, hakimiyyət erməni xalqının və dövlətçiliyin maraqlarına xidmət etmir. Müxalifət bloku hazırkı hakimiyyətin Ermənistanın yeni ərazilərini Azərbaycana verəcəyindən narahat olduqlarını qeyd edir. Ancaq hesab edirəm ki, Paşinyan sülhə getmək yolundan çəkilməyəcək. Çünki son seçkilərdə ona mandatı verən xalq müharibə deyil, sülh istəyir. Eyni zamanda bilirlər ki, iqtisadi rəzalətdən qurtarmağın yeganə yolu kommunikasiyaların açılışından keçir. Paşinyanın son açıqlamaları göstərir ki, Ermənistanda prosesi saxlamaq gücündə olan siyasi təzyiq mövcud deyil”.
Məhəmmədəli QƏRİBLİ