Bu günlərdə erməni mətbuatı, o cümlədən bəzi Rusiya KİV-i belə bir məlumat yaydı ki, Ermənistanla Azərbaycan arasında noyabrın əvvəllərində iki sənəd imzalanacaq. Bunlardan birinin sərhədlərin delimitasiyası ilə, digəri isə kommunikasiya xətlərinin açılması ilə bağlı olacağı deyilirdi.
Ancaq Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bütün bu deyilənləri rəsmən təkzib etdi. Bildirdi ki, ümumiyyətlə heç bir sənədin imzalanması nəzərdə tutulmayıb: “Ermənistan və Azərbaycan liderlərinin görüşü və sənədlərin imzalanması hazırda planlaşdırılmır. Müxtəlif formatlarda görüşlər üçün müxtəlif təkliflər müzakirə olunur. Ola bilər ki, bu görüşlərdən birinin nəticəsində tərəflər arasında əvvəllər razılaşdırılmış sənəd imzalansın. Amma bu yaxınlarda mətbuatda yazılan sənədlərin imzalanması nəzərdə tutulmur”.
Görünən odur ki, hələlik iki ölkə arasında ikitərəfli sənədin imzalanması ilə bağlı konkret heç bir razılaşmanın olmadığını Ermənistan rəsmən bəyan etdi.
“Ölkə rəhbərliyi prosesi maksimum uzatmağa çalışır”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, qabaqcadan yayılan o cür informasiyaların əsası olmadığı bəlli idi: “Bu baxımdan Ararat Mirzoyanın təkzibi təəccüblü deyildi. Çox təəssüflər olsun ki, bizim media rus və erməni mətbuatının təsiri altına düşərək sözügedən informasiyanı yaydı. Biz sadəlövh olmamalıyıq. Ermənistanın yaxın perspektivdə sülh sazişinə imza atacağı, Azərbaycanın sərhədlərini tanıyacağı real deyil. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, hansı lider buna getsə onu xəyanətkar adlandıracaqlar. Mirzoyanın açıqlaması onu göstərir ki, Ermənistan hansısa razılaşmanı imzalamağa tələsmir. Paşinyan aldadıcı xarakterli açıqlamalar verir. Burada məqsəd həm də ondan ibarətdir ki, ictimai rəyi yoxlayırlar. Ancaq əslində Ermənistan rəhbərliyi prosesi maksimum uzatmağa çalışır. O baxımdan hesab edirəm ki, biz əsla nəyəsə arxayın olmamalıyıq. Azərbaycan Ermənistana yönəlik siyasi-hərbi təzyiqlərini artırmalıdır. Yalnız təzyiq yolu ilə Ermənistanı hansısa güzəştlərə məcbur etmək mümkündür. Yoxsa biz onları öz insaflarına buraxsaq, nəyəsə nail ola bilməyəcəyik. Bütün hallarda, noyabırın əvvəllərində hansısa razılaşmanın əldə ediləcəyini gözləmirəm”.
Partiya sədri hesab edir ki, Ermənistana təzyiqlər artırılmalıdır.
Vidadi ORDAHALLI