Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə mətbuatının hərbçilərin Donbasda ilk dəfə Türkiyənin “Bayraktar” hücum pilotsuz təyyarəsindən istifadə etməsi ilə bağlı xəbəri təsdiqləyib.
Bu barədə qərargahın mətbuat mərkəzi “Facebook” səhifəsində yazıb: “Oktyabrın 26-da Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general-leytenant Valeri Zalujnının əmri ilə Birləşmiş Qüvvələr əməliyyatı aparılan ərazidə “Bayraktar” pilotsuz təyyarəsi kəşfiyyat - zərbə döyüş əməliyyatını həyata keçirib”.
Maraqlıdır ki, Rusiyanın ictimai rəyində bu fakta böyük qıcıq nümayiş olunub. “Rossiya 1” kanalında nümayiş olunan “60 minut” verilişinin aparıcıları olan Popov və onun həyat yoldaşı “Bayraktar” la bağlı “ağıllı” məsləhətlər veriblər. Onlar deyir ki, separatçı regionlar olan Luqansk və Doneskə, eləcə də Abxaziya ilə Osetiyaya xüsusi silahlar vermək lazımdır. Jurnalistlər efirdən belə bir çağırış ediblər: “Həmin bölgələri elə silahla təchiz etmək lazımdır ki, “Bayraktar”ların pult mərkəzini hədəfə ala bilsinlər”. Maraqlıdır, Rusiya mediası Ukrayna ordusundakı “Bayraktar”ları niyə həzm edə bilmir?
Hərbi-siyasi ekspert Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “Bayraktar”ların bu uğurunun arxasında “çox yaxşı taktiki planlaşdırma” dayanır: “Həmin silahın üstünlükləri 44 günlük müharibə zamanı üzə çıxdı. Bəllidir ki, Ermənistanın hava hücumundan müdafiə sistemlərinin köhnə və zəif cəhətlərinin olduğu hələ “Bayraktar”ları vura bilməməsi ilə aşkarlandı. Bu əslində Rusiyanın silahlarının ifşası idi. “Bayraktar”ların uğurlarının əsas sirri sürətində və yüksəkliyə qalxma özəlliyindədir.
"Bayraktar” və MAM-L (PUA-nın atdığı raketin adı) ikilisi ruslar tərəfindən vurula bilməz, çünki onlar Rusiya hava hücumundan müdafiə sistemlərinin limitini üstələyir. Müharibədə 13-ü vurulan “9K33 OSA” zenit-raket kompleksi, 360 km / s-dan aşağı sürətlə uçan hədəflərini 5 km uzaqlıqdan və 6,4 km hündürlükdən aşkar edə bilər. “Bayraktar” isə 130 km/saatdan daha yavaş uça, 5.5 km yüksəklikdən atəş edə bilər və MAM-L-in mənzili 8-14 km arasındadır. “Bayraktar” Rusiya istehsalı olan
S-300-lərdən də yayına bilir. Çünki bu HHM sistemi 180 km/s-dan aşağı sürətli uçuşları daxili nasazlıqlar kimi qəbul edir və izləyə bilmir. “Bayraktar” isə sürətini 130 km/s-a qədər azaltmaq qabiliyyətinə malikdir. Bunların hamısı ətraflı öyrənilib və Rusiyanın hava hücumundan müdafiə sistemlərinin hamısı uğurla vurulub. Elektron dalğaların qarşısını alan vasitələrə belə ehtiyac qalmayıb. Azərbaycan ordusunun bu müvəffəqiyyəti Rusiyanı ciddi narahat etdi. İndi də istəmirlər ki, ikinci biabırçılıqla Ukrayna cəbhəsində rastlaşsınlar. Buna görə də, hədəf olaraq “Bayraqdar”ı seçirlər. Çünki bu hal həm də Rusiyanın silah bazarına ciddi ziyan vurur”.
Məhəmmədəli QƏRİBLİ