Ermənistan parlamentində Azərbaycanla sərhəddəki vəziyyət və demarkasiya məsələləri ilə bağlı qapalı dinləmələr keçiriləcək.
İclasda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Kamo Kosunts və Sərhəd Qoşunlarının komandanı Arman Maralsyan da iştirak edəcək.
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib ki, deputatların ən azı 20 faizi bu məsələ ətrafında müzakirə aparmağı təklif edib. Ermənistanın bu narahatlığının Füzuli aeroportunun açıllşı və Ərdoğanın bölgəyə səfəri ilə üst-üstə düşməsi çox maraqlıdır. Burada hansı bağlılıq ola bilər?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, noyabrın 9-u və 10-da Azərbaycanda “Zəfər” bayramı günləridir: “Həmin vaxtda tərəflərin Moskvanın vasitəçiliyi ilə görüşü gözlənilir.
Moskvada da müzakirə edilən məsələlər önəmli ola bilər.
Əvvəl Rusiya mətbuatında xəbər verildi ki, ayın 9-da Putinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Paşinyanın Moskvada görüşü keçiriləcək. Orada qeyd olunurdu ki, mühüm sənədlərin imzalanması nəzərdə tutulur. Amma sonra təkzib olundu ki, tarix məsələsi düz deyilməyib. Bir il bundan əvvəl Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb. Həmin bəyanatda müharibənin dayandırılması, ərazilərimizdən erməni qoşunlarının çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələləri əksini tapıb. Artıq bir il keçib. Yəqin ki, bu bir ildə görülən işlər barədə hesabatlar nəzərdən keçiriləcək”.
Politoloqun sözlərinə görə, son dövrlərdə diqqət çəkən müəyyən razılaşmalar əldə edilir: “Söhbət baş nazirlər səviyyəsində kommunikasiya xətlərinin açılmasına dair əldə edilmiş razılaşmadan gedir. Bu razılaşma, həmçinin, Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana yolunun açılması ilə bağlıdır. Bu həm dəmiryolu, həm də şosse yolu olacaq. Üstəlik, Ermənistana gedən bütün kommunikasiya vasitələri açılır. Məsələn, Bakı-Qazax-Naxçıvan dəmiryolu xətti işə salınacaq, Zəngəzur dəhlizi açılandan sonra Sovet dövründə olduğu kimi İrəvana dəmiryolu xəttinin bərpa edilməsi gözlənilir. İndi Bərdə-Ağdam dəmiryolunun tikintisi başa çatdırılmalıdır. Həmin dəmiryolu xəttinin Xankəndiyə uzadılması da gündəmdə dayanan əsas məsələdir. Bu məsələlərin müsbət həll edilməsi real görünür. Bir qədər sərhədlərin demarkasiyası və delimitasiyası məsələləri uzun zaman ala bilər. Ermənistan hakimiyyəti bu addımları atmağa hazırdır. Aranı qarışdırmaq istəyən revanşistlərdi. Ötən il Paşinyan ölkəsini ağır məğlubiyyətə sürüklədi. Amma kütlə Köçəryanı da seçmədi. Bunun dərin səbəbləri var. Nikol müharibəyə qədər az bir müddətdə hakimiyyətdə təmsil olunmuşdu. Dünya bu illər ərzində Sarkisyan-Köçəryan cütlüyünün əlində olan Ermənistanı da görmüşdü. Yəni əslində məğlubiyyətin daha böyük məsuliyyəti Qarabağ klanından çıxmış bu iki kriminal tipin üzərinə düşürdü. Ermənilərin gözü açılıb. Bilirlər ki, Nikol əvvəlkilərə baxanda daha yaxşıdır. Bu səbəbdən də onun kursuna dəstək verirlər.
Bu insanlar gələcəklərini iqtisadi cəhətdən inkişaf etmiş ölkədə görmək, daha etibarlı bir şəxsə tapşırmaq istəyirlər. Elə bir şəxsi kürsüdə görmək istəyirlər ki, yenidən Qarabağ nağılları danışıb, öz nəslini varlandıraraq pulları xaricə daşımasın.
Türkiyə və Azərbaycanla əlaqələrin qapalı qalması radikalların tələbi idi. Əslində onların tərəfdarları da az deyildi. Amma beş-üç faşist millətçisinin söylədiklərinə kütlənin "hə" deməsi o demək deyil ki, ümumilikdə xalq hələ də həmin provakatorların səsinə səs verir. Erməni xalqı yorulub. İnsanlar bilərəkdən Qarabağdan çıxan avantüristlərin, Ermənistanda formalaşmış faşist təbiətli adamların, illərdir xunta rejimi yaratmış Köçəryanın, Sarkisyanın istədiyi hakimiyyətin yaranmasını istəmir. Bu baxımdan da, revanşistlərə bağlı qüvvələrin parlamentdə səs-küy salması nəticə verməyəcək. Sadəcə, Füzulidə aeroportun açılması, Ərdoğanın səfəri fonunda bir qədər ajiotaj yaratmaq istəyirlər ki, gündəmdə qalsınlar. Ermənistan müxalifəti prosesi dayandırmaq gücündə deyil”.
Məhəmmədəli QƏRİBLİ