Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında qeyd etdi ki, Ermənistan Azərbaycanla münasibətlərində səmimi iradə ortaya qoyarsa, o zaman Türkiyə ilə də münasibətlərin düzəlməsi üçün bir əngəl qalmayacaq:
“Bu məsələlərdə Ermənistan Azərbaycanla problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir. Əgər Azərbaycanla bağlı səmimi iradə ortaya qoyarsa, Türkiyənin Ermənistanla əlaqələrinin də normallaşması üçün bir maneə qalmayacaq. Bütün bölgə üçün birlikdə qurulacaq firavan gələcəyi kiçik hesablara və daxili siyasətə qurban vermək vaxt itkisi mənasına gələcək. Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək, əlbəttə ki, mümkündür. Türkiyənin də davamlı sülhün yaradılması istiqamətində atılacaq hər müsbət addımın qarşılığını eyni konstruktiv anlayışla verəcəyini bir daha xüsusi vurğulayıram”.
Ərdoğanın bu mesajı əslində Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı başlıca şərt idi. Çünki zaman-zaman belə fikirlər səslənir ki, ərazilər işğaldan azad edildiyi üçün Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına heç bir əsas qalmayıb. Ancaq Ərdoğanın son açıqlaması bunun belə olmadığını göstərdi. Bəlli oldu ki, bu heç də belə deyil. Türkiyə-Ermənistan münasibətlərinin yoluna düşməsi üçün erməni tərəfi Azərbaycana yönəlik ərazi iddialarına son qoymalıdır.
O baxımdan bu məqamı ekspertlər necə dəyərləndirir?
“Bunun açması odur ki, Azərbaycanın maraqları nəzərə alınmaqla Türkiyə-Ermənistan sərhədi açıla bilər”
Sözügedən məsələni şərh edən “Səs” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, Ərdoğanın birbaşa Qarabağa səfəri Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətlərinin ən yüksək göstəricisidir: “Bu, regionda iki türkdilli dövlətin qarşılıqlı münasibətinin təzahürüdür. Səfər çərçivəsində çox səmimi görüşlər, mətbuata açıqlamalar göstərdi ki, hər iki dövlət başçısı keçirilən görüşdən çox məmnundur. Hər iki dövlət başçısının çıxışında dünyaya mesajlar da oldu. O cümlədən, hörmətli Ərdoğan Ermənistana mesaj verdi ki, Azərbaycanla münasibətləri yoluna düşəcəyi halda Türkiyə ilə münasibətlərin qurulmasında heç bir problem qalmayacaq. Bu o deməkdir ki, kimlərsə ucuz illüziyalara qapılmasın. Ermənistan Azərbaycana yönəlik təcavüzkarlıq iddialarını davam etdirərsə, o zaman Türkiyə buna seyrçi mövqedən yanaşmayacaq. Türkiyə-Ermənistan sərhədlərinin açılması bundan birbaşa asılıdır. Necə ki, 2009-cu ildə Azərbaycanın milli maraqları Türkiyə-Ermənistan sərhədlərinin açılmasına imkan vermədi, bundan sonra da bu amil öndə olacaq. Bu o deməkdir ki, Türkiyə hər zaman Azərbaycanın milli maraqlarını nəzərə alır. Ermənistana rəğmən, qonşuluq siyasəti önə keçmir. Bunun açması odur ki, Azərbaycanın maraqları nəzərə alınmaqla Türkiyə-Ermənistan sərhədi açıla bilər. Artıq dünyada geosiyasi vəziyyət dəyişib. Bütün bunları nəzərə almadan Ermənistan qonşularla münasibətləri nizamlaya bilməz. Çünki Cənubi Qafqazda gedən proseslərə, transmilli layihələrə münasibət dəyişib”.
Bu baxımdan politoloq hesab edir ki, Ermənistan bütün bunları nəzərə almaq zorundadır.
Vidadi ORDAHALLI