“Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat infrastrukturunun blokadadan çıxarılması Ermənistan iqtisadiyyatının məzmun və strukturunu keyfiyyət baxımından dəyişə bilər”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında deyib.
O bildirib ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacibdir və bunun üçün Ermənistanın ətrafında əlverişli xarici mühit yaradılmalıdır: “Bu təkcə Ermənistan və Qarabağ bölgəsi üçün deyil, bütün region dövlətləri üçün vacibdir. Düşünürəm ki, Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq. Bu, regional inkişafın yeganə yoludur. Düşmənçilik atmosferinin aradan qaldırılması regional iqtisadi və nəqliyyat infrastrukturunu blokadadan çıxaracaq. Bu, eyni zamanda, Ermənistanın daxili infrastrukturunun yaxşılaşmasına əlavə stimul olacaq, iqtisadiyyatın inklüziv və uzunmüddətli inkişafına, vətəndaşların iqtisadi fəallığının artırılmasına bərabər şərait yaradılmasına təkan verəcək”.
Ancaq o da var ki, bu cür bəyanatlar verməkdənsə, real əməli iş görmək və Azərbaycanın ərazi bütövlüyünü tanımaq lazımdı. Çünki bölgədə sabitliyin əldə olunmasının və düşmənçilik əhval-ruhiyyəsinin yox edilməsinin açarı məhz Azərbaycanın ərazi bütövlüyünü tanımaqdır. Yoxsa ümumi olaraq düşmənçilik atmosferini aradan qaldırmağa hazırıq deməklə olmur. Bunun üçün ərazi iddialarından imtina etmək lazımdır. Çünki bölgədə sülh üçün iki vacib prinsip var. Birincisi, başqa ölkələrə ərazi iddialarından imtina etmək. İkincisi, başqaların ərazi bütövlüyünü tanımaq. Paşinyan bunlardan birini edib, amma digərini etməyib.
O baxımdan Paşinyanın səsləndirdiyi son fikirləri ekspertlər necə dəyərləndirir?
“Sənədə imza at, əməl etmə, çıxıb sülhdən danışacaqsansa, onda sənə heç kim etimad etməz”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Ermənistan Baş naziri Nikol Paşinyanın sülh çağırışları birinci dəfə deyil. Buna baxmayaraq, onun verdiyi bu bəyanat ermənilərin 200 illik "Böyük Ermənistan" idleologiyasının üstündən xətt çəkir. Belə baxanda önəmli bir acıqlamadir və dənizdən-dənizə Ermənistan kimi mifologiyanın Paşinyan tərəfindən darmadağın edilməsidir. Regionda real siyasi proseslərə gəldikdə isə, ilk növbədə Ermənistan 10 noyabr Birgə Bəyannaməsinə və 11 yanvar razılaşmalarına əməl etməlidir. Ermənistan bunlara əməl edərsə, onda bu ölkənin baş nazirinin açıqlamaları ciddi qəbul edilə bilər. Ona görə də heç bir praktiki irəliləyiş olmadan verilən bu bəyanat söz yiığınıdır. Azərbaycan konkret olaraq Ermənistandan addımlar gözləyir. Ortada həllini gözləyən imzalanmış sənədlər var. Sən sənədə imza at, əməl etmə, çıxıb sülhdən danışacaqsansa, onda sənə heç kim etimad etməz. N.Paşinyan bu qəbildən olan siyasətçidir. Hesab edirəm ki, Paşinyan ilk növbədə Moskvada keçiriləcək görüşdə əldə olunan razılaşmaya getməli və həqiqi olaraq işğalçı olmayacaqlarını sübut etməlidir. Rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”.
Politoloq hesab edir ki, yalnız bu halda onlara inanmaq olar.
Vidadi ORDAHALLI