“Müharibə başa çatıb və düzdür, bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq. İstənilən formada, necə deyərlər, meydançada - istər siyasi meydanda, istər hərbi meydanda”. Bu fikirləri Prezident İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Prezident qeyd edib ki, kiminsə qabağında baş əyən deyilik: “Biz artıq göstərmişik ki, heç kimin qabağında baş əyən xalq deyilik. Ancaq bununla yanaşı, bizim qarşımızda çox böyük quruculuq işləri dayanır. Bu da müharibədə əldə edilmiş Qələbəyə uyğun səviyyədə aparılmalıdır. Ümumiyyətlə, bu tarixi Zəfərdən sonra ölkəmizin yeniləşməsi, müasirləşməsi, aparılan islahatlar, xoşagəlməz hallarla mübarizə, əlbəttə, tam yeni müstəviyə çıxmalıdır. Çünki bu Qələbə bütün dünyaya bizim böyük xalq olduğumuzu göstərdi, eyni zamanda, bizi sözün yaxşı mənasında məcbur edir ki, biz qabağa ancaq düz yolla gedək. Bax, sizinlə bərabər, bütün Azərbaycan ictimaiyyəti ilə bərabər biz bu yolu gedəcəyik. İndi mən hansı statusda bu yolu gedəcəyəm, o, ikinci məsələdir. Əsas odur ki, ömrümün sonuna qədər mən bu yolla gedəcəyəm, İnşallah, sizinlə bərabər”.
Görünən odur ki, hələ də müəyyən dairələr Azərbaycanın qələbəsini həzm etmək istəmirlər. Ancaq prezident açıq şəkildə bəyan eddi ki, Azərbaycan istənilən vəziyyətə hazırdır.
“Revanşist qüvvələrin vasitəsilə uduzmuş Ermənistanı qızışdırmaq istəyirlər”
Məsələyə münasibət bildirən ekspert Azər Həsrətin fikrincə, müəyyən qüvvələr Ermənistanı qızışdırmaq istəyir: “Məsələ ondadır ki, müəyyən qüvvələr Azərbaycanla Ermənistan arasında müharibənin bitməsindən həqiqətən narahatdır. Bu təkcə erməniyə sevgidən, Azərbaycana nifrətdən qaynaqlanan məsələ deyil. Ümumiyyətlə, müharibə olmasında maraqlı olan qüvvələr var. Çünki müharibə əlavə bazar, təsir imkanları deməkdir. Müharibə, ümumiyyətlə, bir dövlətin bu və ya digər şəkildə küncə sıxışdırılması üçün imkanlar deməkdir. Ona görə də müəyyən dairələr Qarabağ məsələsinin sakitcə bitməsində maraqlı deyil. Revanşist qüvvələrin vasitəsilə uduzmuş Ermənistanı qızışdırmaq istəyirlər. Ancaq cənab Prezident açıq şəkildə dedi ki, müharibə bitib. Azərbaycan tərəfi güc yolu ilə hər hansı bir məsələnin həllində maraqlı deyil. Lakin bu o demək deyil ki, Azərbaycan dövlətinin gücdən istifadə etməsi əngəllənə bilər. Qətiyyən yox. Bizim yetərincə gücümüz var ki, müharibə olacağı təqdirdə o gücü nümayiş etdirək. O cümlədən, Azərbaycan sülhə, sabitliyə, normal münasibətlərə sadiq bir dövlətdir. Biz problemlərin masa arxasında həllindən yanayıq. Ona görə Azərbaycan dövləti belə təmkinli davranır. Yox, kimlərsə Ermənistanı yenidən müharibəyə təhrik edəcəksə, o zaman “Dəmir yumruq” yenidən onların başına endiriləcək. Çünki həm hərbi, həm siyasi, həm də hüquqi baxımdan vəziyyət bizim tərəfimizdədir”.
Ekspert hesab edir ki, Emənistanı qızışdırmaq istəyənlər nəyəsə nail ola bilməyəcək.
Vidadi ORDAHALLI