Nazirliklərin İctimai Şuraları əsasən nazirliklərin öz nüfuzunu zədələyən quruma çevrilməyə başlayır - Mətanət Əsgərqızı od tökdü…

“Elə adam da var ki, öz nüfuzu hesabına böyük səs toplaya bilir, ancaq sədr seçkisində təklənmiş vəziyyətdə qalır”

img

Dövlət qurumlarının yanında formalaşan ictimai şuralarla bağlı narazılıqlar durmadan artır. Bunun daha çox formal bir proses olduğuna dair çoxsaylı fikirlərə rast gəlirik. Xüsusilə də həmin prosesdə iştirak edən QHT-lərin qruplaşma yaradaraq, layiq olmayan adamları irəli çəkmələri haqda fikirlər səslənir.

Bu yöndə daima narazılıqlarını dilə gətirən  jurnalist, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, özü  həmin ictimai şuraların formalaşmasında yaxından iştirak edib: “ Çox acınacaqlı vəziyyətin şahidi oldum. Nə qədər narazılıq etsəm də xeyri olmur. Cənab Prezidentə İctimai Şuralarda baş verən neqativ hallarla bağlı rəsmi müraciət edəcəm. Hamının gözü önündə baş verən əməllərə səssiz qalmağın özü də cinayət və xəyanətdir. Başqa vaxt hamımız dövlətçi, vətənpərvər oluruq. Buyurun, zamandı, sübut edin ki, siz cənab Prezidentin əsgərisiz. Onun imzaladığı fərman sabotaj olunur, işlək vəziyyətə düşməməsi üçün addımlar atılır. Bunu kimlər edir? Ən çirkin oyunlar İctimai Şuralarda gedir. İctimai Şuralarda seçiləcək namizədlərin taleyini bir qrup şəxs həll edir. Bu təhlükəli məqam hələ özbaşına buraxılıb. Əgər nəyinsə gücünə adamlar keçirilirsə, deməli, yeni korrupsiya ocağı yaranır. Ən qorxulusu isə, artıq ölkə Prezidentinin imzaladığı "İctimai İştirakçılıq haqqında" qanunun alver predmetinə çevrilməsidir. Qanunun harasında 13, 11 nəfərə 1 sədr, 3 müavin seçilməsi yazılıb? Belə qanunu pozmaqla həmin qurumlarda hansı iş aparılacaq? Mexanizm belədir ki, şəffaf seçkilərlə İctimai Şuralara üzvlər seçilir. Əsl oyunbazlıq bundan sonra başlayır. Söhbət İctimai Şuraya sədr və müavinlərin seçilməsindən gedir. Seçilənlərin hamısı sədr və müavin olmaq istəyir. Biri nə  vaxtsa Leyla Əliyeva ilə çəkdirdiyi fotonu göstərərək adamlara təsir etmək istəyir, digəri Prezident Administrasiyasının adını çəkir... Görünür, Vətəndaş Cəmiyyətini, İctimai Şuraları hörmətdən, nüfuzdan salmaq üçün belələrindən istifadə edirlər. İctimai Şuraların belələrinin əlindən qurtarılması cənab Prezidentin imzaladığı Fərmanın tam işləməsi demək olacaq.

QHT rəhbəri deyir ki, bir  qrup QHT əvvəlcədən əlbir olub seçkiyə gedir: “Orada özləri istədikləri namizədlərə səs verirlər ki, üzv seçilsinlər. Sonra da sədr və müavin seçkilərində həmin qruplaşmanın “lideri”nin təlimatına uyğun davranırlar. Elə adam da var ki, öz nüfuzu hesabına böyük səs toplaya bilir, ancaq sədr seçkisində təklənmiş vəziyyətdə qalır. Çünki həmin qrupun üzvü deyil. Bir çox hallarda maddi maraqlar üstünlük təşkil edir. Bir ilin QHT-si necə gəlib İctimai Şurada təmsil olunur? Çox qorxunc məsələlərdi. Belə addımlar həm QHT-ləri, həm də həmin nazirlikləri hörmətdən salır. Mən iki qurumun İctimai Şurasında təmsil olunuram. Sakit də dura bilərəm, etmirəm, çünki prosesin şəffaflaşmasını istəyirəm”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər